Ermənistan hökuməti idxal edilən qazın qiymətinin aşağı salınması barədə Rusiya ilə ikitərəfli protokolu təsdiq edib.
Rusiyanın Qazprom şirkətinin rəhbəri Aleksey Miller ilə Ermənistan prezidenti Serj Sarkisyan arasında aprel ayında əldə olunan razılığa əsasən, qazın qiyməti min kubmetr üçün 189 dollardan 165 dollara endirilir.
Yeni qiymətləri tənzimləyən sənəd cari ilin yanvarından qüvvəyə minib və 2015-ci ilin sonuna kimi etibarlıdır. Bundan sonra yeni protokol imzalana bilər.
Protokol hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunmalıdır.
Müqayisə üçün: Ukrayna ilin ilk rübündə Rusiya qazının min kubmetrinə endirimin nəzərə alınması ilə 247 dollar ödəyib.
Mart ayının sonunda isə Rusiyadan ixrac edilən yanacağın qiyməti artaraq 329 dollar təşkil edib.