“Azərenerji” ASC Türkiyə ərazisində elektrik enerjisinin satışı məqsədilə lisenziya almaq üçün bu ölkənin Enerji Bazarının Tənzimlənməsi üzrə İdarəsinə müraciət edib. Bunu Trend-ə Azərbaycanın enerji bazarındakı mənbə deyib.
Onun sözlərinə görə, ASC xüsusi lisenziya aldıqdan sonra Türkiyədə elektrik enerjisinin topdan ticarəti ilə məşğul olacaq: “Lisenziyanın sentyabrın sonunadək əldə edilməsi gözlənilir”.
Mənbə qeyd edib ki, elektrik enerjisinin ixracı “Azərbaycan-Gürcüstan-Türkiyə” enerji körpüsü vasitəsilə həyata keçiriləcək. Bununla belə, o, ixrac edilməsi nəzərdə tutulan elektrik enerjisinin həcmini dəqiqləşdirməyib.
Bu layihədə Gürcüstan tranzit ölkə qismində çıxış edəcək və elektrik enrjisinin ixracı ilə məşğul olacaq. Azərbaycan isə ilk növbədə Naxçıvan Muxtar Respublikasına tədarük edilən elektrik enerjisinə görə, Türkiyə qarşısında borcunu ödəyə və sonra Avropa bazarına çıxa biləcək.
Caspian Barrel “Azərenerji”nin Türkiyə və Avropa bazarında topdan elektrik enerjisi satması arzusunu alqışlayır və bunun neft və qaz ixracından sonra kommersiya relsi üzərinə keçirilməklə Azərbaycanın yeni bir ixrac sahəsinə atılan töhfə kimi qiymətləndirir. Ancaq məsələnin mürəkkəbliyi ondadır ki, “Azərenerji”nin Gürcüstan kimi regionda rəqibi var və bu ölkənin elektrik enerjisi bazarına vaxtilə Türkiyə sərmayəşiləri kifayət qədər vəsait yatırıblar ki, sonradan gəlirlərini elektrik enerjisi vasitəsilə öz ölkələrinə aparıb satsınlar. Əvvəla, “Azərenerji”nin hasil etdiyi elektrikin 92-93%-i istilik elektrik stansiyalarında hasil olunur, Gürcüstanda hasil edilən elektrikin isə 80%-dən çoxu hidroelektrik stansiyaların payına düşür. Ikincisi, Gürcüstan Türkiyəyə elektrik enerjisinin kommersiya ixracına artıq 2014-cü il 2 iyul tarixindən başlayıb və bunu Alatsix-Borçka yüksək gərginlikli magistral xətti ilə həyata keçirir. Ötən il Gürcüstan Türkiyəyə cəmi 17 milyon dollarlıq elektrik enerjisi ixrac edə bilmişdi.
Caspian Barrel bildirir ki, Türkiyə ildə təqribən 250 milyard kVt\saata yaxın elektrik enerjisi istehlak edir və bunun yalnız 3%-i idxalın payına düşür. Türkiyənin ən böyük elektrik enerjisi idxal etdiyi ölkə Bolqarıstan və Yunanıstandır. Şərqi Avropanın dıgər ölkələrinə ən böyük elektrik enerjisi ixracatçı isə Ukraynadır. Bu ö
lkələr atom elektrik stansiyalarında hasil edilən ucuz elektrik hesabına ixracda udurlar. Ancaq “Azərenerji”nin hasil etdiyi elektrikin maya dəyəri kifayət qədər bahadır və onun elektrik stansiyaları Avropadakı enerji operatorları ilə rəqabətədavamlı kommersiya-təsərrüfat fəaliyyəti aparmaqda çətinlik çəkirlər.
Bu baxımdan “Azərenerjinin” Avropaya Azərbaycan elektrik enerjisini ixrac etmək arzusu heç də asan bir məsələ deyil.