Bəs manatın orta hesabla 33% ucuzlaşması yerli istehsalçılara hansı təsirləri göstərəcək?
Yerli istehsalçılarin istehsal etdikləri məhsulların satış dəyəri və maya dəyərindəki xərclər manatla ifadə olunur.
33% devalvasiya nəticəsində manatla ödənilən xərclərin dollar ifadəsində olan dəyəri avtomatik olaraq 25% ucuzlaşır. (33% artım əks hesablama ilə təqribən 25% təşkil edir).
Əgər istehsalda xərclərə aid edilən dollarla alınan idxal komponenti (yarımfabrikatlar, materiallar və s.) yoxdursa, son nəticədə malın maya dəyəri artmır və malın satış dəyəri saxlanıldıqda heç bir şey dəyişmir. Belə olan şəraitdə qiymət artımına qısamüddətli dövrdə ehtiyac olmur.
Əgər maya dəyərində xaricdən alınan komponentlərin dəyəri mövcuddursa, bu halda həmin komponentin manatla ifadə olunun məbləğinin xüsusi çəkisi 33% artır. Məsələn, əgər xaricdən alınan material maya dəyərinin 10%-ni təşkil edirsə, bu halda həmin 10% hissənin manatla dəyəri 33% təşkil edir. Belə olan halda məhsulun maya dəyəri 3.3% artır ((10% olan hissə +33% məzənnə artımı) + 90% yerdə qalan hissə).
Müvafiq olaraq, əgər idxal edilən komponent 20% olursa maya dəyəri 6.6% artır, hətta komponent 30% olduğu halda belə maya dəyəri 9.9% artır. Bəs həmin istehsalçılar satış dəyəri ilə əlaqədar hansı qərarları verə bilərlər? Əgər idxal edilən komponentin maya dəyərində xüsusi çəkisi 20%-ə kimidirsə (əksər hallarda bu belədir) normal rentabellik ilə işləyən müəssisə ümumiyyətlə qiymət artımına getməyə bilər. Əgər xüsusi çəkisi 40%-ə (bu həcm nadir hallarda olur) kimidirsə bu halda satış qiymətini maksimum 10%-ə kimi artıra bilər.
Yuxarıda qeyd etdiyimiz hesablamalar (kənarlaşma cüzi ola bilər) sonraki mülahizələri daha dəqiq başa düşməyə kömək edəcək.
Manatın devalvasiyası istehsalçıların bazarına hansı təsir göstərəcək…
Manatın devalvasiyası xaricdən gətirilən məhsulların manatla ifadə olunun dəyərini 33% artırır.
Bu isə yerli istehsalçıların analoji məhsullarını onlara nisbətən 25% (əks hesablama ilə) ucuzlaşdırır. Bu isə xaricdən gələn malların yerli bazardan sıxışdırılmasına və onların hesabına yerli istehsalçıların dövrüyyəsinin artmasına təsir göstərəcək.
Devalvasiyanın ilkin dövrdəki müsbət cəhəti məhz bundan ibarətdir. Düzdür, yerli məhsulların bəzən keyfiyyətlə bağlı problemi olur, ancaq qiymətdə olan 25%-lıq fərq öz sözünü deyəcək.
Digər tərəfdən isə mövcud olan əhəmiyyətli qiymət artımı məhsulların keyfiyyətinin artırılmasına əhəmiyyətli xərclərin yönəldilməsinə şərait yaradacaq.
Yuxarıda qeyd etmişdik ki, bəzi istehsalçılar istehsalda xaricdən idxal edilən materiallar istifadə edir. Bununla belə bu müəssisələr də əhəmiyyətli rəqabət üstünlüyü əldə edəcəklər. İxracin stimullaşdırılmasına gəldikdə isə, bunun üçün vaxt lazımdır. Çünki yeni bazarların axtarışı, tədqiqi və tərəfdaşların tapılması zaman aparır. Hazırda ixracla məşğul olan istehsalçılar isə məhsullarının maya dəyərinin dollar ifadəsində azalması hesabına ümumiyyətlə xarici bazarlarda qiyməti salmaqla satış həcmini artıra bilərlər.
Yerli istehsalçıların seçdiyi strategiya həlledici olacaq…
Gündəmdə duran əsas məsələ yerli istehsalçıların bu şəraitdə özlərini necə aparacaqlarıdı. Çünki istisna deyil ki, bir çox istehsalçılar devalvasiyadan sui-istifadə edərək süni şəkildi əsas olmadan qiymətləri artıraraq mənfəətlərini artırmaq istəsinlər. Əgər bunu edə bilsələr, qısa müddətli dövrdə onlar uda biləcəklər, ancaq uzunmüddətli perspektivdə uduzacaqlar. Çünki, hazırki şərait bazarda satış payının artırılması ilə dövrüyyəni artırmaq və ixrac haqda düşünmək vaxtıdır.
Vaxt çox deyil…
Yerli istehsalçıların məhsullarının maya dəyərinin xərc komponentləri dollar ifadəsində azalı. Bu xərclərə əmək haqqı, amortizasiya ayırmaları, yanacaq, işıq və s. aiddir. Unutmaq lazım deyil ki, həmin xərc maddələrinin çox hissəsi ortamüddətli dövrdə armağa başlayacaq.
Xüsusən də, əmək haqqı, yanacaq və s. xərclər. Devalvasiya prosesi dayandığı təqdirdə bu xərclər artmaqla dollar ifadəsində əvvəlki vəziyyətinə qayıdacaqlar. Bu isə dollar ifadəsində maya dəyərinin artması ilə yanaşı rəqabətədavamlılığın azalmasına səbəb olacaq. Buna görədə, istehsalçılar satış dövrüyyəsinin artırılması ilə yanaşı əmək məhsuldarlığının artırılması istiqamətində addımlar atmalı olacaqlar. Çünki effektiv uzunmüddətli ixrac potensialını əldə etmək istəyən istehsalçı bu istiqamətdə işlərə eyni zamanda indidən başlamalıdır. Ölkəmizdə istehsalda mövcud olan əmək məhsuldarlığının hazırki vəziyyəti çox acınacaqlıdır. Bu istiqamətdə işlər aparılmadığı təqdirdə ölkənin uzunmüddətli ixrac potensialının artırılmasından söz gedə bilməz.
Rəşad Əliyev
ekspert
“Value and Sources Konsaltinq” şirkəti