İran öz ərazisindən Azərbaycan və Türkmənistan qazını Avropaya nəql edə bilər. “Report” “IRNA”ya istinadən xəbər verir ki, bu barədə İran Milli Qaz Şirkətinin (NIGC) beynəlxalq əlaqələr üzrə direktoru Əzizullah Ramazani bildirib.
“Bizim təklifimiz – Azərbaycan və Türkmənistan qazının İranda qəbulu, daha sonra Türkiyə vasitəsilə Avropaya tranzitidir, çünki bu marşrut qazın Avropaya ixracı üçün ən sərfəli yoldur”, – A.Ramazani bildirib.
Onun sözlərinə görə, müvafiq infrastrukturun təşkil olunması hazırlıqları siyasi maneələrin aradan qaldırılmasından sonra başlaya bilər.
Direktor, həmçinin əlavə edib ki, Türkmənistan qazının Xəzər dənizinin dibi ilə sualtı boru kəmərləri ilə Avropaya ixrac planı çox bahalı və sərfəsiz olacaq.
O, vurğulayıb ki, Avropa ölkələri siyasi səbəblərdən İran qazını idxal etmək niyyətində deyil, lakin avropalı deputatlar artıq bu məsələni öyrənirlər.
Qeyd edək ki, Azərbaycan 2012-ci ildə Türkiyə ilə Transanadolu qaz kəmərinin (TANAP) tikintisi üzrə müqavilə imzalayıb. Buna əsasən Avropa Türkiyə vasitəsilə Azərbaycan qazını ala biləcək.