Neft vermə əmsalının 10-15 faiz artırılması Azərbaycanın quru yataqlarında neft hasilatını kifayət qədər artırmağa imkan verə bilər.
Trend-in məlumatına görə, bunu dekabrın 19-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycan Alimlərinin I Qurultayında deyib.
Onun sözlərinə əsasən, neft vermə əmsalı 40-45 faiz olarkən ölkənin quru yataqlarından 1 milyard ton həcmində neft hasil olunub: “Quruda bu qədər də hasil etmək olardı, ancaq bunun üçün hazırda texniki və texnoloji imkanlar yoxdur”.
Vitse-prezident qeyd edib ki, müvafiq olaraq neft vermə əmsalının artırılması məsələsinə böyük diqqət yetirmək lazımdır.
Azərbaycanda qaz yataqlarının açılması perspektivi şəraitində SOCAR Mezozoy çöküntülərinin işlənməsi üzrə işlər aparır.
Yusifzadə əlavə edib ki, bu işlər Sovet dövründə də aparılıb, lakin zəruri texnologiya olmadığından sənaye hasilatına nail olunmayıb: “Ancaq hazırda texniki nailiyyətlər nəzərə alınmaqla bunun üçün imkan var”.