Noyabrda İranın Asiya bazarlarına neft ixracı gündə 1 milyon bareldən az təşkil edib ki,bu da 2014-cü ildən ən aşağı səviyyədir.
Özünün əsas müştərilərinə – Çin,Hindistan,Yaponiya və Cənubi Koreyaya İran bu gün gündə 877.88 min barel neft tədarük edir. Cari ilin yanvar-oktyabrında bu rəqəm 1.1 milyon barel təşkil edirdi.
İran neft nazirliyinin nümayəndəsi rəsmi məlumatlarda ixracın azalmasını tələbin mövsümi dəyişilikləri ilə əlaqələndirib. Lakin müstəqil müşahidəçilərə görə, ixracın azalmasına səbəb bazarların itirilməsi və qərb tərəfindən yeridilən birtərəfli sanksiyalardır.
Ekspertlər qeyd edirlər ki,İran neft nazirliyi rəsmilərinin beynəlxalq bazarlara qısa müddət ərzində neft ixracını artırmaq planları mümkün deyil,çünki bu həcmə alıcı tapılmayacaq. Bundan əlavə digər neft ixrac edən ölkələr,İrana qiymətləri daha da aşağı salmağa imkan verməyəcəklər. Ixracatın artırılması həmçinin, Tehran və OPEK arasında ciddi münaqişə yarada bilər.
Noyabrın 27-də Vyanada OPEK-in iclasında İranın neft naziri Bijan Namdar Zangene bildirmişdi ki,ölkəsi neft hasilatını azaltmayacaq.
Keçən ay İran gündə 2.83 milyon barel neft hasil etmişdi. Bu sanksiyaların tətbiqindən əvvəl, 2011-ci ildə olan gündəlik 3.6 milyon barel neft hasilatından azdır.