2014-cü ilin yanvar-sentyabr aylarında “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $3 mlrd. 168 mln. təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 2,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətindən (layihənin texniki operatoru ) məlumat verilib.
Xərclərin ümumi həcmində $371 mln. istismar xərcləri, $2 mlrd. 797 mln. əsaslı xərclərin payına düşüb.
2014-cü ildə layihə çərçivəsində xərclərin həcmi üzrə təshih edilmiş proqnoz $4,32 mlrd. təşkil edir. İstismar xərcləri $435 mln., əsaslı xərclər $3 mlrd. 885 mln. həcmində proqnozlaşdırılır.
“BP-Azerbaijan” şirkətinin məlumatına əsasən, 2014-cü ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 7,25 mlrd. kubmetr qaz (azalma 0,7%) və 1,72 mln. ton kondensat (azalma 7,1%) hasil edilib. Yanvar-sentyabr aylarında orta sutkalıq hasilat həcmi 26,6 mln. kubmetr qaz və 50,45 min barrel kondensat təşkil edib.
“Bütövlükdə 2006-cı ilin sonlarından etibarən yatağın istismarı dövrü ərzində və 2014-cü ilin III rübünün sonuna 55,2 mlrd. kubmetr qaz və 14,2 mln. ton kondensat hasil edilib. Yataqda hasilat sisteminin maksimal gücü sutkada 966 mln. kubfut qaz (27,35 mln. kubmetr – İF) və 55 min barel kondensat təşkil edir. 2014-cü ilin sonuna “Bp-Azerbaijan” bu gücü sutkada 1 mlrd. 40 mln. kubfuta (təxminən 29,450 mln. kubmetr – İF-Az) çatdırmağı planlaşdırır.
2014-cü ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz boru kəməri magistralına (CQBK və ya Bakı-Tbilisi-Ərzurum ) xidmət üzrə əsaslı xərclər $599 mln., istismar xərcləri $36,5 mln. təşkil edib.
2014-cü il üçün CQBK-nın istismar xərcləri üzrə təshih edilmiş proqnoz $47,2 mln., əsaslı xərclər $1 mlrd. 244 mln. təşkil edir.
Xəbər verildiyi kimi, 2013-cü ildə “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $1,9 mlrd. təşkil edib, bunun $200 mln.-nu istismar xərcləri, $1,7 mlrd.-nı əsaslı xərclər təşkil edib.
2013-cü ildə “Şahdəniz” yatağından 9,8 mlrd. kubmetr qaz və 2,48 mln. ton kondensat hasil edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Statoil” (15,5%), SOCAR (16,7%), “LUKoil” (10%), NICO (10%), “Total” (10%) və TPAO (9%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı bu yatağın işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 6 quyudan həyata keçirilir.
“Mərhələ-1” 178 mlrd. kubmetr qaz və 34 mln. ton kondensat hasilatını nəzərdə tutur. “Mərhələ-1”in dəyəri $4,1 mlrd. təşkil edir.
“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz boru kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib.