Son zamanlar Azərbaycanın daxili bazarının neft məhsulları ilə təminatı və neft emalı sənayesinin gələcəyi ilə bağlı məsələlər aktual mövzulardan biridir.
Qeyd edək ki, ölkədə müvafiq emal infrastrukturu daim mövcud olub və hazırda demək olar, tam gücü ilə fəaliyyət göstərməkdədir. SOCAR-ın tərkibində 2 neftayırma – “Azərneftyağ” və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodları fəaliyyət göstərir ki, bunlar birlikdə ildə 7 milyon tondan artıq xammal emal etmək gücünə malikdirlər. Bu zavodlarda Neft Şirkətinin dənizdən və qurudan hasil etdiyi neft emal olunur, əməliyyat şirkətlərinin və birgə müəssisələrinin hasil etdiyi neft isə ixrac edilir.
Son illər ölkədə iqtisadiyyatın inkişafı, əhalinin gəlirlərinin artması ölkəyə avtomobillərin idxalını kəskin artırmışdır. Son beş ildə təqribən avtomobillərin sayı ölkədə 500 minə yaxın çoxalmışdır. Bu isə ölkədaxili neft məhsullarına olan tələbatın hər il orta hesabla 10 faizə çıvarında artmasına gətirib çıxarmışdır. Nəticədə, Azərbaycan tədricən yanacaq ixracını, əsasən də avtomobil benzinini minimum səviyyəyə endirmişdir. Belə ki, 2014-cü ilin yanvar-oktyabr ayları ərzində 9 min 332 ton avtomobil benzini ixrac edilmiş.
Lakin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda ildə cəmi 5,5 milyon, “Azərneftyağ”da isə 1,5 milyon ton xammal emal olunduğundan istehsalı istənilən səviyyədə artırmaq imkanı yoxdur. Deməli, ya sözügedən zavodların emal gücü artırılmalı, ya da yeni neft emalı kompleksi tikmək tələb olunur.
Azərbaycan hökuməti isə real olaraq, hər iki vəzifə üzərində ciddi çalışmaqdadır.
2014-cü ilin noyabr ayının 5-6-da SOCAR-ın neft-qaz emalı və neft-kimya kompleksi (OGPC) layihəsinə həsr olunmuş 2-ci SOCAR OGPC Forumunun keçirilməsi də bununla əlaqədar idi. Forumun keçirilməsində məqsəd məhz, qaz emalı və neft-kimya zavodlarının inşasında birbaşa iştirak edəcək və digər xidmətlər göstərəcək şirkətlər arasında ünsiyyət və əməkdaşlıq qurulması üçün vahid platforma yaratmaq sayılırdı.
Tədbirdə “İrimiqyaslı neft-qaz emalı və neft-kimya layihələrinin EPC mərhələləri”, “Emal üzrə texnoloji nailiyyətlər”, “Neft-qaz sahəsi üzrə əsas avadanlıq, material və xidmətlər”, “Neft-qaz emalı və neft-kimya layihələrinin maliyyə-iqtisadi və hüquqi xüsusiyyətləri”, “OGPC xammalı və məhsulları bazarlarının marketinq və logistika tendensiyaları” və “İrimiqyaslı layihələrdə yerli podratçıların təcrübəsi” mövzularında müzakirələr aparıldı.
Forumda qeyd edildi ki, neft-qaz emalı və neft kimya kompleksi – OGPC SOCAR-ın qarşıdakı illərdə həyata keçirəcəyi ən iri investisiya layihələrindən olmaqla yanacağa olan tələbatın artması, mövcud zavodların standartlara cavab verməməsi baxımından zəruri sayılır.
Yeri gəlmişkən, SOCAR-ın prezidenti qeyd etmişdir ki, 2012-ci ildə I forumun keçirildiyi vaxtdan bəri böyük işlər görülmüşdür. Belə ki, ölkədə artan tələbatın ödənilməsi üçün ilk növbədə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi qarşıya mühüm vəzifə olaraq qoyulmuşdur ki, adı çəkilən zavodun modernləşdirilməsi işlərinə dövlət tərəfindən 1 milyard manat investisiya sərf ediləcək.
SOCAR prezidenti qeyd edib ki, modernləşdirmədən sonra 2030-cu ilədək Avro-5 standratlarına uyğun yanacaq istehsal etmək real olacaq. Çünki zavodda yeni qurğular quraşdırılacaq, krekinq modernizasiya həyata keçiriləcək ki, nəticədə ölkənin bitum, yağ tələbatının ödənilməsinə, avro standartlarına uyğun benzin istehsalı həyata keçirməyə imkan yaranacaq. Və sözügedən qurumun gücü ildə 8 milyon tona yaxın (benzin istehsalı isə 2,5 milyon ton) çatdırılmaqla 2030-cu ilə qədər tələbatı ödəməyə tam imkan verəcək.
Əliyev adına Bakı Neft Emalı Zavodunun genişləndirilməsi ilə əlaqədar “Azərneftyağ” isə söküləcək. Bu proses 2017-ci ildə başlayacaq. Çünki ilk adı çəkilən zavodda 2018-ci ildə 7-8 yeni qurğu istismara veriləcəkdir ki, digər emal müəssisəsinə ehtiyac qalmayacaq. Ümumiyyətlə, Bakı Neft Emalı Zavodu həyata keçirilən rekonstruksiya və modernləşdirmə işləri 2018 və 2019-cu illərdə başa çatmaqla hələ, 15 il fəaliyyət göstərəcək. SOCAR-ın bu addım atmasının hazırkı şəraitdə bir müsbət xüsusiyyəti var ki, artıq 2018-ci ilin sonuna ölkədəki istehlakçıları yüksək keyfiyyətli neft məhsulları ilə təmin etmək mümükün olacaq. Bunun nəticəsində artıq 2019-cu ildən ölkəyə Aİ-95 və Aİ-98 markalı benzinlərin idxalını dayandırmaq olar və Azərbaycan yenidən yanacaq böyük həcmdə yanacaq ixracatçısına çevriləmək imkanı qazana bilər. Əks təqdirdə, Azərbaycan belə bir imkanı ən azı 2025-ci ilədək gözləməliydi.
“Azərneftyağ” NEZ isə 19-cu əsrin 80-ci illərindən fəaliyyət göstərdiyindən o vaxtdan sonra dəfələrlə modernləşdirilib. Son illər burada ildə 1 mln tondan çox neft emal edilir. H.Əliyev adına zavodun isə gücü bundan 5 dəfə çoxdur. Zavod modernləşdikdən sonra isə təkrar edirik ki, 8 milyon tona yaxın emal gücü olacaq.
Hələliksə, görülən işlər barədə qeyd edək ki, 2014-cü ilin aprel ayından Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda əsaslı təmir işləri aparılmağa başlanmaqla Aİ-95 markalı benzinin istehsalı dayandırılmışdır. Bunun əvəzində SOCAR bütün gücü Aİ-92 markalı benzinin istehsalına yönəltmişdir. Çünki Azərbaycanın emal qurğuları hazırkı texnoloji şəraitdə yüksək oktanlı benzin istehsal etməyə qadir deyillər. Əvvəllər buraxılan Aİ-95 isə Aİ-92-yə əlavə edilən kimyəvi aşqarlar hesabına əldə edilirdi.
Aİ-95 benzinin isə daxili istehlakda payı 10 faizə də çatmır.
Odur ki, strateji baxımdan istənilən halda, yeni neft-qaz emalı kimya kompleksinin – OGPC-nin işə düşməsinə ehtiyac var. SOCAR da bütün qüvvəni məhz buna – real olaraq dünyanın aparıcı şirkətləri ilə birlikdə layihələndirilən yeni neft-qaz emalı və kimya kompleksinin inşasına yönəltmişdir. Yeri gəlmişkən, gücü 8,6 milyon ton olacaq Bakının 60 kilometrliyində – Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində tikilib istifadəyə veriləcək 3 emaledici müəssisəyə və istilik eleltrik stansiyasına malik olacaq bu kompleks əvvəl 2017-ci ildə nəzərdə tutulsa da, sonra onun 2023-2025-ci illərdə fəaliyyətə başlayacağı deyilmişdi.
Ancaq təkrar edirik ki, son məlumata əsasən SOCAR-ın bu mühüm strateji layihəsi 2030-cu ildən tez başa gəlməyəcək. Düzdür, Bakı Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernləşdirmə işləri OGPC-nın tikintisinin gec başa çatmasını kompensasiya edəcək.
Kompleksin tam olaraq fəaliyyətə başlama tarixinin dəyişdirilməsi yaxın illərdə həyata keçiriləcək “Şahdəniz 2”, TANAP, TAP layihələrinə iri məbləğdə investisiyanın tələb olunması ilə əlaqədar izah olunur.
Hazırda işlər layihələndirmə, təchizat və tikinti mərhələsindədir. Layihənin ilk fazası 7 milyard, kreditlər üzrə faizlər də nəzərə alınmaqla isə 8,45 milyard ABŞ dolları dəyərindədir. Ümumiyyətlə, layihə 30 faiz 5 il ərzində ayrılacaq dövlətin, 70 faizsə cəlb olunacaq vəsaitlərin hesabına həyata keçiriləcək.
Bununla belə, OGPC-nin I fazasında tikilməsi nəzərdə tutulan qazemalı zavodu ilə neftkimya məhsulları istehsalı müəssisəsi daha tez – 2020-ci ildə yekunlaşacaq. Qaz emalı zavodunun illik gücü 12 milyard kubmetr, kimya istehsalının isə ildə 860 min ton polimer məhsulları təşkil edəcək.
Ümumiyyətlə, hökumətin proqnozlarına əsasən, Azərbaycanda 2015-ci ildə 2014-cü ildəki 6,17 milyon tona rəğmən, 6,22 milyon ton neft məhsulları istehsal olunacaq ki, 2016 və 2018-ci illərdə isə bu rəqəm 6,31 milyon təşkil edəcək. 2013-cü ildə isə ölkədə 5,09 milyon ton əsas növ neft məhsulları istehsal olunmuşdu.
OGPC fəaliyyətə başladıqdan sonra ölkənin eksport potensialı artacaq.
Pərviz Heydərov
iqtisadçı