Azərbaycan OPEK-in görüşünə dəvət aldı

AP Explains OPEC Oil PricesAzərbaycan oktyabrın sonlarında Vyanada keçiriləcək OPEK-in Əlcəzair müqaviləsinin həyata keçirilməsi üzrə Yüksək səviyyəli komitəsinin iclasına rəsmi dəvət alıb.

Bu barədə Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan dəvəti qəbul etmək və iclasda iştirak etmək niyyətindədir: “Dəvət bu gün göndərilib. Bu, OPEK ölkələri nazirlərinin və təşkilata daxil olmayan istehsalçıların profil görüşü olacaq. İclas oktyabrın 28-31-də keçiriləcək. Bizim mövqeyimizə gəlincə, Azərbaycan iştirak etmək niyyətindədir”.

Qeyd edək ki, sentyabrın 28-də OPEK-in Əlcəzairdəki qeyri-formal görüşündə hasilatın sutkada 32,5-33 milyon barel diapazonunda məhdudlaşdırılması ilə bağlı razılığa gəlinmişdi.

İlham Əliyev: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi üçün çox önəmli layihədir

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi üçün çox önəmli bir layihədir.

Ильхам Алиев: Энергетические проекты, реализуемые Азербайджаном и Турцией, имеют большое значение для мира

İlham Əliyev, İstanbul, 10 oktyabr 2016-cı il

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti vurğulayıb ki, Cənub Qaz Dəhlizi bu gün dünya miqyasında ən böyük enerji layihələrindən biridir: “Cənub Qaz Dəhlizinin sərmayə tutumu 45 milyard dollardır, dörd önəmli layihədən ibarətdir. Biri TANAP, digərləri Cənubi Qafqaz Boru Kəməridir ki, bizim qazımızı Azərbaycandan Türkiyə sərhədinə – Türkiyə-Yunanıstan, Türkiyə-Gürcüstan sərhədinə qədər gətirir; ondan sonra Transadriatik kəməri və “Şahdəniz” yatağının işlənməsi. Cənub Qaz Dəhlizi bu gün uğurla icra edilir”.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan və Türkiyə bu layihənin icrasında liderlik keyfiyyətlərini göstərirlər və bu, enerji təhlükəsizliyi üçün çox önəmli bir layihədir: “Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını müxtəlif yollarla dünya bazarlarına çıxarsınlar. Ancaq təbii resurslarla zəngin olmayan ölkələr çalışırlar ki, müxtəlif yerlərdən onlara yeni resurslar gətirilsin. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atmışdır. Və çoxşaxəli diversifikasiya yolu ilə həm nefti, həm də qazı dünya bazarlarına çıxarır”.

İlham Əliyev qeyd edib ki, Cənub Qaz Dəhlizinin icrasında artıq yeddi ölkə birləşib: “Və gələcəkdə daha bir neçə ölkə bu önəmli layihəyə qoşula bilər. Bu istiqamətdə apardığımız işlər bizim ölkəmizi gücləndirir. Çünki qeyd etdiyim kimi, cəmi 25 ildir ki biz müstəqil ölkə kimi yaşayırıq. İqtisadiyyatımızın böyük hissəsi ilk illərdə neftə, qaza bağlı idi. Bu gün isə neft və qazdan əldə etdiyimiz mənfəəti iqtisadiyyatımızın digər sahələrinə yatırmaqla ölkəmizin inkişafını dayanıqlı edirik. Bizim iqtisadiyyatımızda neft və qaz hazırda cəmi 30 faiz təşkil edir”.

Rövnəq Abdullayev:”Mən xaricilərə vermədiyim bu zəmanəti öz vətəndaşlarımıza vermişəm” -MÜSAHİBƏ

SOCAR prezidenti Rövnəq Abdullayev APA-ya müsahibə verib. Müsahibədə şirkətin satışa çıxartdığı istiqrazlar və digər məsələlər bardə danışıb.

rovneqCaspian Barrel müsahibəni oxuculara təqdim edir:

–  SOCAR  ilk dəfə olaraq Azərbaycan vətəndaşları üçün bazarda istiqrazlar (SOCAR İstiqrazları) buraxdı. Dövlət şirkəti olan SOCAR niyə indiyə qədər  deyil, məhz hazırkı məqamda belə bir qərar aldı?

– İstiqrazların tarixi qədim olduğu kimi, Azərbaycandakı tarixi də qədimdir. 100 il bundan əvvəl Bakı Neft Cəmiyyəti, bir sıra neft emalı zavodları, Dəmir Yolları İdarəsi və Bakı Bələdiyyəsi kimi qurumlar tərəfindən istiqrazlar buraxılmışdı. Bütün bu buraxılışlar  mühüm sosial-iqtisadi layihələrin icrası ilə bağlı idi. Məsələn, 1 il sonra 100 illiyini qeyd edəcəyimiz Bakı Şollar Su Kanalının çəkilişi məhz istiqraz buraxılışı nəticəsində əldə edilmiş vəsaitlə mümkün olub. Bundan başqa, 100 ildən artıq müddət əvvəl Sabunçu Neft Emalı Zavodunun səhmləri satışa çıxarılmış, həmin satışa investorlar ciddi maraq göstərmiş və beləliklə, daxili və xarici kapital bazarlarının inkişafına dəstək olub. SOCAR bu istiqrazları buraxmaqla 100 illik tarixə malik bir ənənəni də yenidən canlandırmaq istəyib. İndiyədək SOCAR xarici kapital bazarlarında xarici investorlar üçün 3 dəfə avrobondlar buraxıb və həmin buraxılışılar böyük maraq və yüksək tələbatla qarşılanıb. SOCAR olaraq ilk dəfə belə qərara gəldik ki, ölkəmizdə öz vətəndaşlarımız üçün istiqraz çıxaraq, çünki xaricilərə hər il milyonlarla dollar faiz ödəmək əvəzinə, öz vətəndaşlarımıza birbaşa gəlir qazandırmaq bizim üçün daha vacibdir. Digər tərəfdən də xarici maliyyə bazarlarında əldə etdiyimiz təcrübə ilə ölkəmizin maliyyə bazarını inkişaf etdirərək, maliyyələşmə kanallarımızı şaxələndirir və vətəndaşlarımıza yeni bir investisiya imkanı təqdim edirik. Bunun üçün daxili bazarda müvafiq infrastruktur da formalaşıb. Yaxın zamanadək Azərbaycanda faiz dərəcələri yüksək idi, banklarda faiz dərəcəsi 20%-dək qalxmışdı və bu hal bizə bazarda aktiv fəaliyyət göstərməyimiz üçün səmərəli deyildi. Həmin vaxt biz 2, 4, 5, 6 faizlə kredit cəlb edə bilirdik və bu bizim üçün daha əlverişli idi. Hazırda isə daxili və xarici faiz dərəcələri bir-birinə yaxınlaşdığına görə, istiqraz buraxılışı üçün münbit bir zəmin yaranıb. Bu gün vətəndaşlarımız yığımlarının 80%-ni dollarda saxlayırlar və həmin yığımlar passiv vəziyyətdə evlərdə, seyflərdə tutulur. İqtisadiyyatdan kənar qalan, sahibinə və iqtisadiyyatımıza heç bir fayda verməyən həmin vəsaitləri aktiv iqtisadiyyata cəlb etmək üçün SOCAR İstiqrazlarını ABŞ dollarında buraxdıq.

– SOCAR istiqrazları nədir? Kimlər ala bilər, necə ala bilər? Hansı  şərtləri  və xüsusiyyətləri var?

– SOCAR İstiqrazı SOCAR-la investor arasında bağlanmış kredit müqaviləsidir. İstiqrazların ən böyük üstünlüyü arada heç bir vasitəçi maliyyə qurumunun olmamasıdır. Yəni, investor (istiqraz sahibi) pulunu  və ya kapitalını ən münasib qiymətə sata bildiyi kimi, şirkət də ən münasib qiymətə ala bilir. Bu istiqrazlar elektron formatda buraxılıb və qeydiyyatı Milli Depozit Mərkəzində (MDM) aparılır. İstiqrazların beynəlxalq və yerli hüquqda statusu olduqca güclüdür. Çünki, hüquqi olaraq yanaşanda emitent şirkətə nə isə olarsa, istiqraz sahibləri istənilən halda səhmdarlar qarşısında üstünlüyə sahibdirlər. Odur ki, həmin vəziyyətdə əldə ediləcək maliyyə vəsaitləri əvvəlcə istiqraz sahiblərinə ödənir. Sonra balansda qalan vəsait ilə səhmdarlara ödəniş edilir.

Dövlətimiz istiqrazlarımızın buraxılışına böyük dəstək verir. İstiqrazlarımız vətəndaşlarımız üçün bütün növ vergilərdən azaddır. İstiqraz sahibləri istiqrazlarını istədikləri vaxt sata və nağda çevirə bilərlər. SOCAR bunun üçün lazım olan bütün sistemi və texniki infrastrukturu qurub və hər zaman bazarda istiqrazlarının alıcısı kimi çıxış edərək, istiqraz sahiblərinin maliyyə itkisi ilə üzləşmələrinin qarşısını alacaq.

İstiqrazların buraxılış məbləği: 100,000,000 (yüz milyon) ABŞ dolları

Bir istiqrazın nominal dəyəri: 1 000 (min) ABŞ dolları

İstiqrazların  müddəti:  5  illik

İstiqrazların Faizi: illik 5%

Faiz ödənməsi periodu: Hər 3 aydan bir, 3 aylıq müddətdən sonrakı ilk iş günü.

Azərbaycandakı bütün fiziki və hüquqi şəxslər SOCAR istiqrazlarını ilkin bazardan əldə edə bilərlər. Bu, yerli investorlar üçün bir imtiyazdır.

Xarici investorlar isə bu istiqrazları ilkin bazardan deyil, təkrar bazardan ala biləcəklər. Satışlarda ilk üstünlük fiziki şəxslərə (hüquqi şəxslər qarşısında) verilməklə bərabər,  SOCAR işçiləri də daxil olmaqla, heç bir şəxsə və quruma (təşkilata) xüsusi imtiyaz hüququ verilmir. Bəs, vətəndaşlar aldıqları bu istiqrazları necə satacaqlar? Belə ki, istiqrazını satmaq istəyən şəxs 1 və 5 saylı Asan xidmət mərkəzlərinə yaxınlaşa bilərlər. Həmin mərkəzlərdə SOCAR istiqrazın daimi köşkləri olacaq və satış məsələsində istiqraz sahiblərinə lazımi dəstək göstəriləcək. SOCAR buraxdığı istiqrazların likvidliyini 5 il boyunca daim təmin edəcək, bazarda alıcı qismində çıxış edərək, investorların maliyyə itkisi ilə üzləşmələrinin qarşısını alacaq.

Onu da qeyd etmək istərdim ki, SOCAR İstiqrazlarının satış tarixi 10 oktyabr tarixində bitir və istiqrazlarımız məhdud sayda satışa çıxarılıb. Bu buraxılışda yerli hüquqi şəxslərlə müqayisədə üstünlüyü fiziki şəxslərə, yəni vətəndaşlarımıza vermişik. İstiqrazlarımızı əldə etmək istəyən vətəndaşlarımıza problem yaşamamaları üçün sifarişlərini son günlərə saxlamamalarını məsləhət görürük. Çünki, tələbat xeyli yüksəkdir və istənilən qədər istiqraz əldə etməkdə çətinlik çəkə bilərlər, digər tərəfdən də iş qrafikinə uyğun olaraq sifarişlərin günün müəyyən saatlarında qəbul edilməsi və yaranacaq növbə sıxlığı fürsəti qaçırmalarına səbəb ola bilər. Xalqımıza və ölkəmizə xeyirli olsun!

 – Vətəndaşları ən çox maraqlandıran suallardan biri də budur ki, istiqraz sahibləri 5 il müddəti gözləmədən bu istiqrazları istədikləri zaman tam olaraq SOCAR-a sata biləcəklərmi və necə satacaq? SOCAR bunun üçün nə kimi zəmanət verir?

– Vətəndaşlar Asan xidmətin 1 və 5-ci mərkəzlərinə gəlib, istiqrazlarını  SOCAR-a sata biləcək. Bu barədə zərrə qədər narahatlığa ehtiyac yoxdur. Biz lazım olan bütün mexanizmləri qurmuşuq və verdiyimiz sözün arxasındayıq. Mən xaricilərə vermədiyim bu zəmanəti öz vətəndaşlarımıza vermişəm. SOCAR çıxardığı 100 milyon dollarlıq istiqrazların hamısını növbəti gün ala bilmə gücünə sahibdir. Vətəndaşlarımız heç bir itki ilə üzləşməyəcək. İstiqrazları aldıqları qiymətdən SOCAR-a geri sata biləcəklər. SOCAR-ın böyüklüyünü nəzərə alanda bu istiqrazın miqdarı olduqca kiçikdir və bu çox açıqdır. SOCAR Azərbaycan xalqının şirkətidir və hər zaman öhdəliklərinin arxasında durub.

Biz xaricdə əldə etdiyimiz təcrübələrlə ölkəmizin maliyyə bazarlarını inkişaf etdirmək üçün yola çıxdıq. Bu məqsədlə də xalqımızın mənafeyinə uyğun olaraq xaricilərə vermədiyimiz imtiyazları bu buraxılışda xalqımıza verdik. Bu barədə geri satın alma ən mühümlərindən biridir. Bununla bağlı bəzi əsassız tənqidlər eşitdik. Burada təkrarlayıram və açıq şəkildə vurğulayıram ki, SOCAR çıxardığı istiqrazların arxasındadır və söz verdiyi kimi satmaq istəyən vətəndaşlarımızdan geri alacaq.

– SOCAR İstiqrazlara hansı şəkildə zəmanət verir və bunu necə təmin edəcək?

– SOCAR 40 milyard manatlıq aktivləri ilə Azərbaycanın ən böyük şirkəti, təqribən 1,5 milyard manatlıq vergi ödənişi ilə ən böyük vergi ödəyicisi, 52 000-dən çox işçisi ilə ən böyük işəgötürəni və ölkənin ən böyük ixracatçısı olaraq, 100% dövlətə məxsus bir şirkətdir. Eyni zamanda, 13,5 milyard manatlıq səhm kapitalı, 1,6 milyard manatlıq nizamnamə kapitalı, 18 əməliyyat şirkəti və 36 birgə müəssisəsi ilə Azərbaycanda öz borc öhdəliklərinin ən etibarlı icraçısı mövqeyindədir. Bundan başqa, nəzərinizə çatdırmaq istərdik ki, SOCAR İstiqrazları qanunvericiliyə uyğun olaraq SOCAR-ın öhdəliyi hesab edilir və SOCAR Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, SOCAR öz öhdəliklərinə görə sərəncamında olan əmlakla (yəni, sahib olduğu pula dəyər hər şeyin, varın, mal və mülkün toplamı ilə) cavabdehdir.

Cəmi 100 milyon ABŞ dolları dəyərində olan SOCAR istiqrazları üzrə öz ödəniş öhdəliklərini yerinə yetirmək SOCAR üçün hansısa maliyyə çətinliyi yarada bilməz. Bundan başqa, SOCAR tərəfindən bu günədək xarici investorlar üçün beynəlxalq kapital bazarlarında buraxılan $2,25 milyardlıq avrobondlar və həmin avrobondlara göstərilən böyük maraq SOCAR-a olan yüksək etimadın bariz nümunəsidir. Baxmayaraq ki, daxildə buraxdığımız istiqrazlara şamil etdiyimiz güzəştləri həmin avrobondlara tətbiq etməmişik. Qısaca müqayisə aparaq:

SOCAR İstiqraz SOCAR Avrobond
SOCAR hər an geri alma zəmanəti verib SOCAR ancaq tədavül müddətinin sonunda geri alacaq (10-15 il)
5 il müddətlidir 10-15 il müddətlidir
Bütün növ vergilərdən azaddır Vergi ödənilir
3 aydan bir faiz ödəniləcək 6 aydan bir faiz ödənilir
Emissiya: $100 milyon Emissiya: $2.25 milyard

– SOCAR-ın bu addımı Azərbaycanda o qədər də inkişaf etməmiş kapital bazarlarının güclənməsinə dəstək məqsədi daşıyır, yoxsa istiqrazların satışından əldə olunacaq vəsait SOCAR-ın yaranmış daxili və xarici borclarının ödənilməsi üçün sərf olunacaq?

– SOCAR İstiqrazlarının buraxılışının başlıca səbəbi Azərbaycan Respublikası vətəndaşlarının SOCAR qrupuna daxil olan şirkətlərin mənfəətlərindən birbaşa pay ala bilməsi, eyni zamanda, yeni alternativ investisiya imkanları ortaya çıxarmaqla, aktiv dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə yönləndirilməsidir. SOCAR İstiqrazları SOCAR-ın xarici maliyyə bazarlarında əldə etdiyi təcrübəni Azərbaycan maliyyə bazarına tətbiq etmək və mövcud maliyyə sistemini daha da möhkəmləndirmək strategiyasının mühüm tərkib hissəsidir.

Azərbaycanda birja digər dünya ölkələri ilə müqayisədə daha az inkişaf edib. Adi bir misal, Polşa birjasının böyüklüyü 260 milyard dollardan çox, Macarıstanda 70 milyard dollar, Türkiyədə isə 250 milyard dollardır. Biz də öz aşağı göstəricimizi mümkün olduğu qədər inkişaf etdirməliyik. Çünki müasir dövrdə kapital bazarlarının gəlirliliyi olduqca yüksək səviyyədədir və bu qrafik getdikcə artır. Məsələn, 2003-cü ildə Səudiyyə Ərəbistanının kapital bazarlarının böyüklüyü 32 milyard dollara yaxın idi, 10 il sonra dövlətin neft və kommunikasiya şirkətlərinin də birjada aktiv rol oynamağa başlaması nəticəsində həmin göstərici 2013-cü ildə 500 milyard dollara yaxınlaşdı. Niyə biz  prosesdən kənar qalmalıyıq?! Azərbaycanda kapital bazarı zəif inkişaf etdiyinə görə, indiyədək insanların gəlirlərini artırmaq üçün seçim yolları çox olmayıb. Belə ki, ya vəsaitlərini banklara qoyaraq, faiz götürüblər, ya da biznes fəaliyyəti ilə məşğul olmağa çalışıblar. Hər kəs pulunu banka qoymadığı kimi, biznes fəaliyyəti ilə məşğul olub, gəlir əldə etməyi də hər kəs bacarmır, ya da bizneslə məşğul olmağa zamanları yoxdur. Odur ki, kapital bazarının inkişaf etdirilməsi üçün vətəndaşlara yeni alternativ investisiya imkanlarının təqdim olunması və müxtəlif maliyyə alətlərindən istifadə etmək hazırda olduqca mühümdür. Bu səbəbdən biz də davamlı olaraq vətəndaşlarımıza etibarlı və gəlirli yeni investisiya imkanları təklif etməyi planlaşdırırıq, hansı ki, SOCAR İstiqrazları bu baxımdan bizim birinci məhsulumuzdur. Möhtərəm Prezidentimizin 2011-ci il 16 may tarixli Sərəncamına əsasən, “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı təsdiq edilib. Bu sərəncam birbaşa ölkəmizdəki maliyyə bazarlarının inkişafı ilə əlaqədardır. Həmin Dövlət Proqramına istinadən, biz də ilk addım olaraq bu ilin 20 sentyabr tarixində SOCAR İstiqrazlarını satışa çıxardıq. Gələcəkdə digər istiqraz və alternativ investisiya alətlərini investorlarımıza təqdim etməyi planlaşdırırıq.

Biz xaricə faiz verib, əcnəbilərə gəlir qazandırmaqdansa, öz ölkə vətəndaşlarımıza gəlir qazandırmaq istəyirik. Buradan əldə olunacaq vəsaitin bir qismi xaricə buraxdığımız avrobondların geri alınmasına sərf olunacaq. Niyə biz əbəs yerə xaricilərə faiz verib-gəlir qazandıraq. Həmin ödənişlər bizim üçün əlavə yükdür və biz istəyirik ki, ilk növbədə öz vətəndaşlarımıza qazandıraq. Verdiyimiz 5%-in də minimum 2-3%-i ölkə iqtisadiyyatında qalacaq. Yəni, bütün tərəflər bundan qazanır. Bu səbəblə bizim devizimiz də “Siz qazanın – Ölkəmiz qazansın”dır.

– Son vaxtlar mediada tez-tez SOCAR-ın yüksək kreditlərinin olduğu və eyni zamanda,  daxildə  yaranmış kreditlərini ödəyə bilmədiyi gündəmə  gəlməkdədir. SOCAR-ın müvafiq maliyyə vəziyyəti  haqqında məlumat verərdiniz. SOCAR vəsait cəlb etməkdə hər hansı bir çətinlik çəkirmi?

– SOCAR vəsait cəlb etməkdə heç bir çətinlik çəkmir. Hətta SOCAR 5 illik kreditlərini 2 – 3% ilə cəlb edə bilir, baxmayaraq ki, biz daxilə istiqrazları 5% ilə satırıq. Şirkətimiz 40 milyard manatlıq aktivləri, 13.5 milyard manatlıq səhm kapitalı, 1.6 milyard manatlıq nizamnamə kapitalı, 18 əməliyyat şirkəti və 36 birgə müəssisəsi ilə Azərbaycanda öz borc öhdəliklərinin ən etibarlı icraçısı mövqeyindədir. Digər tərəfdən, investisiyalarının icrası ilə bağlı kredit cəlb etmək praktikası bütün dünyada geniş yayılıb, dünyanın nəhəng şirkətləri uyğun faizlə kredit almağa üstünlük verirlər. SOCAR bu baxımdan layihələrinin həyata keçirilməsi üçün dünyada və tarixdə kredit götürən birinci şirkət olmadığı kimi, heç vaxt sonuncu şirkət də olmayacaq. İndiyədək SOCAR-ın ödəmədiyi və ya gecikdirdiyi tək bir krediti də yoxdur. Bütün bu kreditlər bir neçə il ərzində ölkəmizə yüksək gəlirlər gətirəcək olan layihələrin icrasına xidmət edir. Adi bir məntiqi nümunə söyləyək: Tutaq ki, SOCAR-ın əlində 100 dollar pulu var. SOCAR bu pul ilə gedib bir layihə həyata keçirmək əvəzinə, 20%-ni özü qoymaqla, 80%-ni də banklardan cəlb edərək 5 layihə həyata keçirə bilər. Bu zaman həm risklərini banklarla bölüşmüş olar, həm də sonda 5 layihənin sahibinə çevrilər. Belə olan halda, risk məsələsində SOCAR daha əlverişli mövqedə olacaq, çünki onun daşıdığı risk cəmi 20%, bankların riski isə 80% təşkil edəcək. Həm də banklarla ortaq olmağın özü də müsbət haldır, çünki onlar da başdan-sona layihələrin qüsursuz icrası üçün gedişata daim nəzarət edəcəklər. SOCAR, Türkiyədəki aktivi olan “SOCAR Türkiyə” şirkətinin 13%-ni 1,3 milyard dollara “Goldman Sachs və JP Morgan” investisiya bankına satarkən, həmin bankın nümayəndələri SOCAR-ın bütün maliyyə vəziyyətini, kreditlərini, öhdəliklərini, imzaladağı müqavilələri, icra etməkdə olduğu layihələri nəzərdən keçirərək həmin hissələri aldılar, bunu Rövnəq Abdullayevin sözünə və ya hansısa şəxsi münasibətə görə etmədilər. SOCAR-ın bu gün borcu 6 milyard dollardan artıq deyil, bu da belə böyük layihələr həyata keçirən bir şirkət üçün normal bir məbləğdir. Bu məbləğ “SOCAR Türkiyə”nin qiymətləndirilmiş dəyərinin heç 60%-i etmir. Digər tərəfdən, Türkiyədəki 300 milyon dollar investisiya dəyəri olan Petkim limanının tikintisi üçün Petkim 65 milyon dollar vəsait qoydu, geri qalan məbləğ isə banklardan kredit olaraq cəlb edildi. Daha sonra həmin limanın 30%-i “Goldman Sachs” investisiya bankına 300 milyon dollar qarşılığında satıldı və bu qədər sərfəli şəkildə qoyulmuş bütün xərc çıxarıldı. Qeyd etmək istərdim ki, Petkim limanının dəyəri təxminən 1 milyard dollar olaraq qiymətləndirilir. Hazırda SOCAR-ın 100 dollarlıq avrobondlarının London birjasındakı qiyməti 102 – 107 dollar arasında dəyişir. Bu səbəbdən mən artıq bu borc məsələsinin gündəmdən çıxarılmasını istəyirəm, çünki bu söhbətlərin heç bir əsaslı, şişirdiləcək mənası yoxdur.

– Son zamanlar  gündəmə gələn məsələlərdən biri də SOCAR- ın yaxın gələcəkdə özəlləşdirilməsi məsələsidir. Belə bir addım atılacağı  planlaşdırılırmı? Bu haqda ətraflı məlumat verərdiniz.

– Belə bir məsələ gündəmdə deyil. Cənab Prezident də Davosda bu məsələyə aydınlıq gətirərək, “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti”nin özəlləşdirilməyəcəyini bəyan edib. SOCAR Azərbaycan dövlətinin 100% səhmlərinə sahib olduğu bir şirkətdir və SOCAR-ın xüsusi dövlət imtiyazları vardır. SOCAR Azərbaycan iqtisadiyyatının onurğa sütununu təşkil edir və ölkəmiz üçün olduqca strateji əhəmiyyətə malikdir. Ancaq bildiyiniz kimi, SOCAR-ın 36 birgə müəssisəsi, 18 əməliyyat şirkəti, holdinq və çox sayda digər müəssisələri mövcuddur. SOCAR bu şirkətlərinin səhmlərini fond birjasında satışa çıxara bilər. Çünki vətəndaşlarımızın kapital bazarlarına birbaşa çıxışı olmalıdır və bu hal ümumilikdə ölkədaxili kapital bazarlarının inkişafına xidmət edən bir təmayüldür. SOCAR beynəlxalq bir şirkət olaraq, daxili və xarici maliyyə bazarlarının əhəmiyyətini yüksək qiymətləndirir və vətəndaşlarımızı da bu prosesə təşviq etmək niyyətindədir. Bunun üçün biz müvafiq bir şirkət də qurmuşuq, davamlı bazar araşdırmaları aparırıq və qlobal təcrübə və tendensiyaları yaxından izləyirik. SOCAR-ın alt şirkətləri vasitəsilə “Tekfen”, “Saipem” kimi bir çox şirkətlə ortaqlıqları mövcuddur, ancaq bizim hazırda başlıca məqsədimiz alt şirkətlərimizin səhmlərinin birjada satılmasını təmin etməkdir, çünki bu proses həm vətəndaşlarımıza, həm daxili kapital bazarlarının inkişafına, həm də SOCAR-a olduqca faydalıdır. Həmin səhmlərin gələcəkdəki satışı prosesinə başda yerli investorlarımız olmaqla, xarici investorlarımızı da cəlb etmək istəyirik.

Caspian Barrel sentyabrda Azərbaycanın neft gəlirlərinin nə qədər azaldığını hesabladı

Bir ay ərzində Azərbaycan neftinin orta ixrac qiyməti cəmi 10 sent ucuzlaşsa da, gəlirlərə təsir xeyli olub

epa04822163 Oil pumps in Baku, Azerbaijan, 28 June 2015. Baku, the capital of Azerbaijan host the Baku 2015 European Games from 12 to 28 June 2015. EPA/ROBERT GHEMENT

EPA/ROBERT GHEMENT

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi-nin açıqladığı məlumata görə, BTC FOB Ceyhan tipli xam neftin 2016-cı ilin sentyabr ayında orta satış qiyməti 47,30 dollar olub.

Xatırladaq ki, cari ilin avqust ayında  BTC FOB Ceyhan tipli xam neftin avqust ayında orta satış qiyməti 47,40 dollar dəyərində idi.

Caspian Barrel Neft Şirkətinin mətbuat xidmətinə istinadən bildirir ki, SOCAR  sentyabr ayında Ceyhan limanından 942 min 882 ton xam neft ixrac edib, Supsa limanından isə – 274 min 705 ton. Avqust ayında isə bu göstəricilər müvafiq olaraq  1 milyon 273 min 708 ton və 87 min 177 ton olmuşdu.

Avqust ayında SOCAR-ın Ceyhan və Supsa limanlarından ixrac etdyi neftdən əldə etdiyi gəlirlər (bura dövlətin mənfəəət nefti də daxildir – hansılar ki, Dövlət Neft Fondunda toplanır) $477 milyon təşkil edib.

Sentyabr ayında isə SOCAR bu iki limandan $426 milyon dəyərində xam neft ixrac edib.

Cari ilin sentyabrında Ceyhan və Supsa limanlarından Azərbaycanın neft ixracı avqust ayı ilə müqayisədə 143 298 ton azalıb. Dəyər ifadəsində isə azalma $51 milyon təşkil edib.

Sentyabrda biz Ceyhan limanından neft ixracının avqusta nisbətən 330 826 ton azaldığını müşahidə edirik. Sentyabrın ilk 12 günü profilaktiki işlərlə əlaqədar Dərinsulu Günəşli platformasında BP hasilatı tam dayandırmışdı və bu zaman gündəlik olaraq 136 min barellik hasil itirilmişdi. Bu platformadan hasil edilən neft Ceyhan limanına ixrac edilirdi.

 

 

DESFA ilə bağlı SOCAR-la Yunanıstan arasında danışıqların müddəti daha bir ay uzadıldı

Dünən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yunanıstana səfəri çərçivəsində bu ölkənin Baş naziri Aleksis Tsipras ilə görüşüb.

Yunanıstan və Azərbaycan “DESFA”nın satışını müzakirə etdi

Yunanıstan və Azərbaycan “DESFA”nın satışını müzakirə etdi

Caspian Barrel SOCAR-ın saytına istinadən xəbər verir ki, saat yarım ərzində davam edən danışıqlar səmimi və müsbət əhval-ruhiyyədə keçibr. Baş nazir A.Tsipras Azərbaycanı Yunanıstanın strateji tərəfdaşı olan ölkə, SOCAR-ı isə strateji sərmayəçi şirkət olaraq dəyərləndirdiyini bildirib. O qeyd edib ki, SOCAR-ın Yunanıstan bazarına daxil olması üçün bütün mümkün addımları atmağa hazırdır.

DESFA şirkətinin özəlləşdirilməsi ətrafında yaranmış böhranı tənzimləmək məqsədi ilə tərəflər işçi qrup yaradılması haqqında razılığa gəliblər. Görüşdə işçi qrupuna Azərbaycan tərəfindən SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun, Yunanıstan tərəfindən Baş nazirin iqtisadi məsələlər üzrə Baş müşaviri Dimitrios Liakosun rəhbərlik etməsi haqda razılıq əldə olunub. Qeyd edilib ki, işçi qrup Avropa İttifaqı və Yunanıstanın dövlət qurumları ilə müvafiq müzakirələr aparmaqla hər iki tərəfi qane edən təkliflər hazırlamalıdır.

İşçi qrupunun fəaliyyəti üçün səmərəli şərait yaradılması məqsədi ilə SOCAR təminat məktubunun 31 oktyabr 2016-cı il tarixinə qədər uzadılması haqqında qərar qəbul edib.

AÇG-dən başlanan GÜN

Azərbaycanda bu gün maraqlı mənzərə yaranıb: hökumət postneft dövrü elan edb, cəmiyyət isə bütün bəlaları neftdə axtarmağa başlayıb

Central Baku seen in the background, as an oil pump works a nearby hill in Baku, Azerbaijan, Friday, June 19, 2015. The 2015 European Games are held in Baku till June 28. (AP Photo/Dmitry Lovetsky)

AP Photo/Dmitry Lovetsky

Bu gün Azərbaycanda netçilərin peşə bayramıdır – “Neftçilər günü”.  22 il əvvəl həmin gün müstəqil Azərbaycan Respublikası xarici şirkətlərlə Hasilatın Pay Bölgüsü Sazişi (Production Sharing  Agreements) tipində ilk müqaviləsini imzalamışdı.

Bizi 20 sentryabr 1994-cü tarixindən xeyli zaman ayırsa da, ancaq “əsrin müqaviləsi” adlandırılan bu sazişə ölkə daxilində münasibət hələ də birmənalı deyil. Bir qrup hesab edir ki, Azərbaycan böyük səhv etdi ölkənin ən böyük yataqlarını xaricilərlə birgə işləməyə qərar verdi. Bu cür insanlar (onlar dünyaya baxışlarına görə əsasən solçulardır) hesab edir ki, Qərbi ümumiyyətlə Azərbaycana buraxmaq gərək deyildi, çünki kapitalistlərin bircə məqsədi var – başqa ölkələrin sərvətini istismar etmək. Mən solçularla heç zaman mübahisə etmirəm, çünki hər şeyə ideoloji nöqteyi-nəzərdən baxmağa adət etmiş şəxslərlə mübahisə etməyin nə mənası. Ancaq daha geniş auditoriyaya müqayisə üçün deyərdim ki, baxın ölkənin qeyri-neft sektoru demək olar ki, Qərbin də Şərqin də üzünə bağlıdır: burada söz sahibi müstəqilliyimizdən elə özümüzük. Əkirik də, bizirik də, yeyirik də… Bəs dəyər formasında bu nədir? Ovuc boyda bir şey neft sektoru ilə müqayisədə, çünki nə rəqabətədavamlılığı var, nə də əmək məhsuldarlığının səviyyəsi…

Digər qrup hesab edir ki, Azərbaycan Soverin “neft akademisyası” olub, biz xariciləri tam başqa statusda cəlb edə bilərdik bu layihələrə, niyə PSA müqaviləsi imzaladıq, ona qanun statusu verdik, özümüzdən yuxarı başa keçirdik xariciləri.

  • Hazırda Azərbaycanda bütün nəhəng layihələr neft, qaz və neft-kimya obyektlərində keçirilir, bunların reallaşmasında 30 minə yaxın insan çalışır. 
  • Neftin 45 dollar qiymətində BP şirkəti son 6 ildə ilk dəfə olaraq hasilatı artırmağa nail oldu, özü də investisiya xərclərini azaldığı bir şəraitdə – quyuların mənimsənilməsində yeni texnologiya tətbiq etmək hesabına. 
  • SOCAR bu il dənizdə 2 yeni platforma istifadəyə verdi, hazırda onlardan quyular qazılır, hasilatın stabilləşməsi gələn il olmalıdır.

Məsələ bundadır ki, Azərbaycan xaricilərə lazımi investisiya mühitini yarada bilməsəydi, bəlkə 10 il də gözləsəydi belə onun yataqlarının işlədilməsi üçün gərəkli olan on milyardlarla dollar vəsaiti qoyan nə bir maliyyə institutları tapılacaqdı, nə də şirkətlər bura ayaq basacaqdı. Çünki dünya bazarlarından qapalı məkanda yerləşən qeyri-stabil, qeyri-bazar imicində olan bir ölkə  üçün RİSK dərəcəsi o zaman həddən artıq yüksək idi investorlar üçün. Bu baxımdan Azərbaycanın şirkətlərə münbit şərait yaratması, bir-birinin ardınca müqavilələr bağlanmasının multieffekt yaradan bir əhəmiyyəti oldu. AÇG-də iştirak edən neft nəhəngləri sadəcə bir mayaq kimi digər orta şirkətlərin də Bakıya gəlməsinə maraq oyatdılar. Nəticədə  10 ildə ancaq kəşfiyyat sahəsinə 1 milyard investisiya cəlb edildi. Ancaq cəmi bircə Şahdəniz yatağı tapıldı, digər geoloji məlumatlar isə Azərbaycanın mülkiyyətinə çevrildi.

Bir sözlə AÇG o zaman Azərbaycanın həm tanıtımı, həm siyasət predmeti, həm iqtisadiyyatının əsas amili, həm də mədəni tədbirlərinin başlıca elementinə çevrilmişdi. AİOC loqosundan başqa müstəqilliyin ilk 15 ilində daha nə vardı ki…

Bir qədər də statistika

            1992-2015-ci illərdə Azərbaycanda 616,1 milyon ton əmtəəlik neft və kondensat hasil edilib ki, bunun da 385,6 milyon tonu “Azəri-Çıraq-Günəşli” blokundan, 17,1 milyon tonu isə “Şahdəniz” yatağından çıxarılıb. Yəni müasir texnologiyalar olmasaydı, hesab edin ki, 3 milyard bareldən artıq bir sərvət indi Xəzərin dərin qatlarında “yatırdı”. Və ölkə bundan heç nə qazanmamışdı. Vəsaitlərdən necə isifadə edilməsi başqa bir mövzudur, mən sadəcə  faktları oxucuların diqqətinə çatdırmaq istəyirəm.

Texnologiyaların rolu yataqların işlənməsində çox əhəmiyyətlidir. Məsələn, AÇG-də geoloji ehtiyatların 50%-dən çoxunu bü gün BP və tərəfdaşları çıxarmaq imkanına malikdirlər. Keçmiş Sovet məkanındakı və o cümlədən, SOCAR-ın bir çox yataqlarında isə bu göstərici 25% ətrafındadır.

Central Azeri Patform, Caspian Sea, Photo: Stuart Conway/ BPBaşqa bir məsələ neftin maya dəyəri məsələsidir. Bu gün BP-nin Xəzərin ortasında hasil etdiyi neftin maya dəyəri Qazaxıstanın quru yatağı olan “Tengiz”dəki neftindən ucuzdur, baxmayaraq ki, onu da işlədən tanınmış xarici şirkətdir.

Hazırda “Çıraq”, “Azəri” yataqlarında və “Günəşli” yatağının dərinsulu hissəsində 102 hasilat quyusu fəaliyyətdədir. Onlardan orta hesabla 2,8 mln. tona qədər neft və 1,1 mlrd. kubmetr səmt qazı hasil olunur.

1997-ci ilin noyabrından indiyədək  AÇG-dən 404,1 mln. ton neft123  mlrd. kubmetr səmt qazı hasil edilib.

Hasil edilmiş neftin 224 milyon tonu və ya 55,4%-i Azərbaycanın xalis mənfəəti olub. Bundan gələn gəlirlər Azərbaycan Dövlən Neft Fondunda toplanır.

Bir çoxları Azərbaycanın mənfəətinin az olduğunu təsdiq etməyə çalışırlar. Ancaq bu 224 milyon ton, hansı ki, dəyər ifadəsində Neft Fondunun açıqlamasına görə, 1 sentyabr 2016-cı il tarixinə $120,2 milyard AÇG layihəsindən daxil olub. Bu, ancaq dövlətin payıdır.

            Ancaq bu layihədə SOCAR-ın 11,65%-lik payı da var. Yəni şirkətlərin qazandığı nə mənfəət varsa, oradakı pay bölgüsünə müvafiq SOCAR öz mənfəətini ayrıca qazanır.

            Dövlətin qazancı bununla bitmir. PSA müqaviləsinin şərtlərinə görə, şirkətlər dəyişməz mənfəət vergisi ödəyir və bunun vergi dərəcəsi qanunla 25% təyin edilib. Yəni, əgər şirkətlər Azərbaycandakı əməliyyatlardan 2 milyard dollar əldə edirlərsə, onda 500 milyonunu dövlət büdcəsinə vergi şəklində köçürürlər. Son 20 ildə onların Azərbaycan dövlət büdcəsinə ödəmələri $21 milyard təşkil edib.

            Bu da son deyil. Belə ki, AÇG layihələri çərçivəsində yerli şirkətlər podratçı və subpodratçı qismində iştirak edirlər. Onlar yüz milyonluq layihələrin tender qalibləri olurlar, müxtəlif xidmətlər göstərirlər. Bu zaman həm mənfəət əldə edirlər, həm də dövlət büdcəsinə, həm də dövlət sosial müdafiə fonduna köçürmələr edirlər.

BP şirkətinin son hesabatında qeyd olunur ki, 2015-ci ildə 131 yerli şirkətlə dəyəri 1,09 milyard dollar olan müqavilə imzalanıb.

Təkcə bir AÇG layihəsi yüzə yaxın yerli podratçı şirkətin yaranmasına gətirib çıxarıb.  Beləliklə, dövlətin ümumilikdə bir PSA müqaviləsindən qazancı multieffekt təsir nəticəsində geniş bir təsir dairəsinə malik olub və sadəcə “müqavilə sahəsi” və “mühasibatlıq” deyilən məhfumlarla bitmir.

Azərbaycan AÇG layihəsi üzrə ilk mənfəətini 1999-cu ilin dekabrında əldə edib. Yəni bu layihə Azərbaycan parlamentində təsdiq edildikdən (12 dekabr) təqribən düz 5 il sonra.

Bundan sonra Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə neft gəlirlərinin idarə edilməsi, onun iqtisadi layihələrə yönəldilməsi və gələcək nəsillər arasında bölüşdürülməsi məqsədilə Dövlət Neft Fondu təsis edildi. Fondun praktiki fəaliyyətə başlaması üçün hüquqi-normativ bazanın yaradılması müəyyən vaxt apardı və nəhayət Fond 2001-ci ilin iyununda işə başladı. O zaman Fondun hesabında $271 milyon  vəsait vardı.

2001-2015-ci illərdə Neft Fonduna ümumilikdə $124,90 mlrd vəsait daxil olub. 1 iyul 2016-cı il tarixinə qalıq $35,117 mlrd təşkil edib.

Neft Fondunun gəlirlərinin neftin qiymətindən asılı olaraq dəyişməsi cədvəli

Illər Neft Fonduna daxilolmalar

(milyon ABŞ dolları)

Azərbaycan neftinin orta illik ixrac qiyməti ($/barel)
2010 16 309,3 78,0
2011 19 799,9 111,1
2012 17 405,4 112,2
2013 17 329,2 109,1
2014 16 231,3 104,3
2015 7 670,2 54,3

Mənbə: ARDNF

 İlham Şaban, Caspian Barrel

Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Prezident Bakıda yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimində iştirak edib

Sentyabrın 19-da Bakıda Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi olub.

bitumAZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə yeni bitum istehsalı qurğusunun inşası və Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma layihəsi çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, Heydər Əliyev adına neft emalı zavodunda inşa ediləcək yeni bitum istehsalı qurğusunun illik istehsal gücü 400 min ton olacaq. Bu qurğuda “EN 40/60” markalı yol bitumu istehsal ediləcək və qurğunun 2018-ci ilin ortalarında istismara veriləcəyi gözlənilir.

Yeni bitum istehsalı qurğusunun inşası Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma tədbirlərinin ilkin mərhələsi olacaq. Bu qurğunun inşası məqsədilə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi işlərinin həyata keçirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik Avstriyanın “Poerner” şirkəti ilə Heydər Əliyev adına neft emalı zavodu arasında müvafiq müqavilə imzalanıb. Yeni bitum istehsalı qurğusunun inşası ilə keçmiş “Azərneftyağ” neft emalı zavodunun mövcud infrastrukturu tamamilə istismardan çıxarılacaq, dənizkənarı ərazilər boşaldılaraq “Ağ şəhər” layihəsinin reallaşdırılması üçün təhvil veriləcək. Bundan əlavə, Heydər Əliyev adına neft emalı zavodunun istismar xərcləri optimallaşdırılacaq və ölkə yüksək keyfiyyətli neft bitumu ilə təmin ediləcək.

bitum2Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma işlərinin növbəti mərhələləri çərçivəsində müəssisədə yüksək keyfiyyətli neft məhsullarının istehsalı nəzərdə tutulub. Proqrama əsasən, 2019-cu ildə Heydər Əliyev adına neft emalı zavodunda “avro-5” standartı üzrə dizel yanacağı, 2020-ci ildə isə “avro-5” standartı üzrə benzin istehsalı planlaşdırılıb. Layihənin reallaşdırılması ilə Heydər Əliyev adına zavodun emal gücü 7,5 milyon tona qədər artırılacaq, nəticədə ölkənin növbəti 15-20 il üçün avtomobil yanacaqlarına olan daxili tələbatı tam ödəniləcək və keyfiyyətli neft məhsulları üzrə ixrac potensialı daha da artırılacaq. Sözsüz ki, layihənin icrası Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.

Prezident İlham Əliyev Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlini qoydu.

Dövlətimizin başçısına məlumat verildi ki, son vaxtlarda 80-dən çox müasir texnika alınaraq ölkəyə gətirilib. Müxtəlif texnoloji nəqliyyat vasitələrindən, traktor-maşın mexanizmlərindən və stasionar güc aqreqatlarından ibarət olan bu avadanlıqlar neft və qazın hasilatının sabit saxlanmasına, quyuların yeraltı əsaslı və cari təmirinə geniş imkanlar yaradır, onlar uğurla sınaqdan çıxarılıb.

Zavodun kollektivi ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

-Neftçilərin peşə bayramı ərəfəsində gözəl bir hadisə baş verir, bitum qurğusunun təməlini qoyuruq. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.

Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsinə bu gün start verilir. Gələcəkdə görüləcək işlər, əlbəttə, ona gətirib çıxaracaq ki, bu zavod dünya səviyyəli bir zavoda çevriləcək. Bu zavodun böyük tarixi var. Ancaq həyat yerində durmur, yeni texnologiyalar tətbiq olunmalıdır və bu neftayırma zavodu dünyanın ən yüksək bitum3standartlarına cavab verməlidir. Bu zavodun yenidən qurulması təqribən 2-3 il çəkəcək. Ondan sonra ən yüksək səviyyəli yanacaq istehsal olunacaq – dizel yanacağı, benzin, aerokerosin. Burada ən yüksək ekoloji standartlar təmin ediləcək, neftayıranların iş şəraiti yaxşılaşacaq. Ölkəmizin inkişafı üçün bu zavodun xüsusi əhəmiyyəti var.

Hazırda bizdə yanacağın mütləq əksəriyyəti demək olar ki, bu zavodda istehsal olunur. Bu, bizim inkişafımız, təhlükəsizliyimiz üçün çox böyük məna daşıyan bir müəssisədir. Çünki bizim böyük neft ehtiyatlarımız var və neft sənayesinin bütün zənciri Azərbaycanda mövcuddur – hasilat, daşıma, emal, satış, ixrac, həm neft məhsulları, həm xam neft. İndi son vaxtlar qaz ixracı ilə məşğul olmağa başlamışıq. Orada da çox böyük potensial var. Yəni, bu zavodun yenidən qurulması ölkəmizin inkişafına veriləcək çox böyük töhfə olacaq. Eyni zamanda, Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün də bunun çox böyük əhəmiyyəti var. Bu ərazidə külək əsəndə bəzi hallarda hiss olunan iylər aradan qalxacaq, dəniz kənarında yerləşən neftayırma zavodu köçürüləcək, onun yerində gözəl ictimai yerlər salınacaq. Necə ki, indi yeni bulvar və “Ağ şəhər” bulvarı yaradılıbdır.

İndi “Ağ şəhər” bulvarı gəlib neft emalı zavoduna çatıb. Bu yenidənqurmadan sonra o zavod oradan köçürüləcək və beləliklə, Bakı sakinləri üçün əlavə bir neçə kilometr gözəl ictimai istirahət zonası da yaradılacaq.

Yəni, bu işlər bir-biri ilə bağlıdır – ekoloji təmizlik, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, şəhərimizin gözəlləşdirilməsi. Bu işlərin bir məqsədi var – Azərbaycanın inkişafı və daha da güclü ölkəyə çevrilməsi. Ona görə, bu gün – Neftçilər günü ərəfəsində gəldim ki, sizinlə bərabər bu təməlqoyma mərasimində iştirak edim. Bir daha qeyd etmək istəyirəm ki, bu gün Heydər Əliyev adına neft emalı zavodunun əsaslı modernləşdirilməsinin birinci günüdür. Sizi təbrik edirəm və bütün Azərbaycan neftçilərinə uğurlar, cansağlığı arzulayıram. Sağ olun.

SOCAR İon Adriatik Boru kəməri üzrə Avropada memorandum imzaladı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik Qaz Kəməri (IAP) layihəsinin gələcək inşası üzrə dünən Anlaşma Memorandumu imzalanıb.

dubrovnik“Report” Xorvatiya KİV-inə istinadən xəbər verir ki, imzalanma avqustun 25-26-da keçirilən Dubrovnik Forumu çərçivəsində baş tutub.

Sənədi Dövlət Neft Şirkəti adından SOCAR-ın Balkan ölkələri üzrə təmsilçiliyi – “SOCAR Balkan”nın icraçı direktoru Murad Heydərov imzalayıb.

Qeyd edək ki, 2007-ci ildə Xorvatiya, Monteneqro və Albaniya Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi ehtimal edilən IAP üzrə bəyannamə imzalayıb. IAP kəmərinin Splitdən (Xorvatiya) Fierə (Albaniya) qədər uzunluğu 516 km təşkil edir. Boru kəmərinin ötürücülük gücünün illik 5 mlrd. kubmetr  olması nəzərdə tutulur.

Mərasimdən sonra Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Panenik bildirib ki, kəmər Cənub-Şərqi Avropaya qaz nəql edəcək.

“Biz İon-Adriatik qaz kəmərinin inkişafı ilə bağlı birgə təşəbbüsü müəyyən etdik. Ümid edirik ki, bu marşrut şimal və cənub arasında əlaqə olacaq və Avropada qaz nəqli bazarının tam sərbəstləşməsi üçün zəmin ola biləcək” – deyə nazir əlavə edib.

TAP_and_IAPBosniya və Herseqovinanın xarici ticarət naziri Mirko Saroviç deyib ki, rəsmi Bosniya və Herseqovinanın əsas tələbi boru kəmərinin bir hissəsinin bu ölkədən keçməsi olub: “Ümid edirik ki, bu hissə Neum dəhlizi ilə davam edəcək”.

Nazir vurğulayıb ki, ölkəsi bu regional layihəni və yaxınlaşmanı dəstəkləyir.

Albaniyanın enerji və sənaye nazirinin müavini İlir Beytya diqqətə çatdırıb ki, Dubrovnik Forumunda qaz təminatında təhlükəsizliyin vacibliyi vurğulanıb. O əlavə edib ki, mənbələri şaxələndirməklə yanaşı, bu layihə qaz tədarükünü də sabitləşdirəcək.

Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç isə bildirib ki, IAP kəməri ölkəsinin qazlaşdırılması üçün yeganə yoldur və hökumət layihə üzrə işlərin sürətləndirilməsi və müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlindən gələni etməyə hazırdır.

Heydərov bütün işlərin plana uyğun olacağına ümid etdiyini əlavə edib. “İon-Adriatik kəmərinin daxil olduğu Cənub Dəhlizi bizim planların vacib seqmentidir. Bizim bu layihəyə cəlb olunan ölkələrlə çox yaxşı əməkdaşlığımız var” -, deyə M. Heydərov qeyd edib.

SOCAR: 3-4 günə Azərbaycana 4 min ton həcmində benzin gətiriləcək

SOCAR Ai-92 markalı benizinin idxalı ilə bağlı vergi və gömrük rüsumuna edilən güzəştlərlə bağlı açıqlama yayıb.

Логотип SOCAR близ грузинского города Гори. 3 мая 2016 года. SOCAR Turkiye Enerji, которая является дочерней структурой Госнефтекомпании Азербайджана, намерена в 2020 году осуществить первичное размещение акций (IPO), сказал журналистам в среду глава SOCAR Turkiye Enerji Заур Гахраманов. REUTERS/David Mdzinarishvili

SOCAR/Dövlət Neft Şirkəti

Açıqlamada bildirilir ki, son günlər KİV-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2016-cı il tarixli Sərəncamı və eyni tarixli 307 və 308 saylı qərarları ilə əlaqədar müəyyən anlaşılmazlıqlara səbəb ola biləcək müxtəlif şərhlər və açıqlamalar yayımlandığı üçün bu məsələlərə aydınlıq gətirilməsinə zərurət yaranmışdır.

Qeyd edək ki, adı çəkilən sənədlər SOCAR-ın müraciəti əsasında Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində həyata keçirilən modernizasiya proqramı çərçivəsində zavodun təmirə dayanması ilə əlaqədar qəbul edilmişdir. Adətən 25-30 təqvim günü ərzində davam edən təmir prosesinin bu dəfə modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınmışdır.

Təmirdən əvvəl H.Əliyev adına NEZ-də istehsal olunan Aİ-92 markalı benzin ölkənin daxili tələbatını tam ödəyir və müəyyən ehtiyat yaranmasına da imkan verirdi. Avqust ayının 16 gününə olan məlumata əsasən, ölkə üzrə orta günlük istehlak 3900 (üç min doqquz yüz) ton təşkil edib və bütün bu həcm yaranmış ehtiyat hesabına ödənilib. Hal-hazırda 8-10 günlük ehtiyat da mövcuddur. Bu müddətdən sonra NEZ-də yığılan ehtiyatın bazar tələbatını ödəyə bilməyəcəyi nəzərə alınaraq, SOCAR Azərbaycan Respublikasının Nazirlər Kabinetinə daxili bazar tələbatını təmin etmək üçün idxal olunacaq Ai-92 markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsi haqqında müraicət edib. Xahişimiz NEZ-in təmiri dövründə SOCAR-ın maliyyə itkilərinin minimallaşdırılması məqsədi daşıyıb.

Çünki daxili bazarda benzinin qiyməti dövlət tərəfindən tənzimlənir və bu qiymətlər sabit qalacaq. İdxal olunan benizinin qiyməti isə neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq gündəlik dəyişir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2016-cı il tarixli Sərəncamı və göstərilən qərarları daxili bazarda sabitliyin qorunmasına və yanacaq təchizatında problem yaranmamasına xidmət edir. Yaxın 3-4 gün ərzində 4000 (dörd min) ton həcmində idxal benzini respublikaya gətiriləcək”.

Azəri-Çıraq-Günəşli blokundan 3 milyard barel neft hasil edildi

Central Azeri Patform, Caspian Sea, Photo: Stuart Conway/ BPAvqustun 15-də “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan 1997-ci ildə “Çıraq” platformasında hasilata başlandığı müddətdən bu vaxtadək əldə olunmuş hasilat həcmi 3 mlrd. barelə çatıb.

“Report” bu barədə yataqlar blokunun operatoru olan “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir.

BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qordon Birrell bununla bağlı bildirib ki, bu, həm BP, həm də Azərbaycan üçün əlamətdar hadisədir və bu, cəlb edilmiş bütün insanların və heyətlərin əməyi sayəsində gerçəkləşib.

“AÇG” yatağı altı hasilat platformasından – “Çıraq-1”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” və ən müasir texnologiyalarla təchiz edilmiş iki texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət olan kompleksə malikdir.

“AÇG” yatağının işlənməsi bir neçə mərhələdə həyata keçirilib: İlkin Neft Layihəsi çərçivəsində 1997-ci ildə “Çıraq” platformasında hasilat işlərinə başlanıb. Bunun ardınca “Faza 1” üzrə “Azəri” layihəsi həyata keçirilməyə başlanıb və bu faza ərzində 2005-ci ilin əvvəllərində “Mərkəzi Azəri” platformasında hasilata başlanılıb. “Faza 2” isə “Qərbi Azəri” və “Şərqi Azəri” platformalarını əhatə edib və həmin platformalardan müvafiq qaydada 2005-ci ilin dekabrında və 2006-cı ilin sonunda hasilata başlanılıb. AÇG yatağının işlənməsinin növbəti mərhələsi “Faza 3” üzrə “Dərinsulu Günəşli” layihəsi olub və burada 2008-ci ilin aprelində hasilata başlanıb.

Bu günədək sonuncu mərhələ 2010-cu ildə sanksiyalaşdırılmış Çıraq Neft Layihəsidir. Bu mərhələ çərçivəsində “Çıraq” və “Dərinsulu Günəşli” platformaları arasında “Qərbi Çıraq” platforması quraşdırılıb. Bu platformada ilk neft 28 yanvar 2014-cü il tarixində hasil olunub.

Qeyd edək ki, “AÇG” yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

“AÇG”-də BP (operator – 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Ltd.” (OVL, 2,7%) şirkətləri iştirak edir.