Dekabrın 14-dən 15-nə keçən gecə Xəzər dənizində estakadanın uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışı hələlik nəticəsizdir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azneft” İstehsalat Birliyinin operativ qərargahından bildiriblər.
“FHN-nin 2 helikopteri və 11 gəmi axtarış tədbirlərinə cəlb olunub. Saat 09:00-a olan məlumata görə, itkin düşən neftçilərin axtarışları davam edir. Axtarışlar nəticə verməyib”, – deyə gərargahdan qeyd olunub.
Xatırladaq ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
İtkin düşən neftçilərdən birinin meyiti tapılıb. 9 nəfərin axtarışı davam edir.