SOCAR 2015-ci ildə neftin 1 tonu və 1000 kubmetr təbii qazın istehsalının maya dəyərini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın 2015-ci il üzrə illik hesabatında deyilir.
Bildirilir ki, SOCAR-ın əsas son məhsulları neft, qaz və neft məhsullarıdır. Neft məhsullarının maya dəyərinin 85-90 faizini xam neftin alınmasına çəkilən xərclər təşkil edir. Buna görə də, neftin və qazın maya dəyərinin təhlili böyük əhəmiyyət kəsb edir. Maya dəyəri yalnız şirkətin tərkibində olan neft-qazçıxarma idarələri üzrə araşdırılır. 2015-ci ildə 1 ton neftin istehsal maya dəyəri 94,74 manat təşkil edib və 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,11 manat və ya 3,4 faiz artıb.
Şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi-4,3 faiz, əməkhaqqı xərcləri–14,6 faiz, sosial ehtiyaclara ayırmalar–2,9 faiz, amortizasiya ayırmaları–17,5 faiz, təmir xərcləri-10,4 faiz, əsas vəsaitlərə texniki xidmət–2,1 faiz, nəqliyyat xərcləri-18,6 faiz, mədən vergisi-10,7 faiz və sair təşkil edir.
2015-ci ildə 1000 kubmetr qazın faktiki istehsal maya dəyəri 39,74 manat təşkil edib ki, bu da keçən illə müqayisədə 2,55 manat və ya 6,8 faiz artıb. SOCAR üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi-3,5 faiz, əməkhaqqı xərcləri–9,9 faiz, sosial sığorta ayırmaları–2,0 faiz, amortizasiya ayırmaları–31,1 faiz, təmir xərcləri-9,0 faiz, əsas vəsaitlərə texniki xidmət–1,8 faiz, nəqliyyat xərcləri–17,2 faiz, mədən vergisi–14,9 faiz və sair təşkil edir. Şirkət üzrə 1000 kubmetr əmtəəlik qazın maya dəyəri 2014-cü illə müqayisədə 2,55 manat (6,8 faiz) artıb.
“Göründüyü kimi şirkət üzrə neftin və qazın maya dəyərləri artıb. Neftin maya dəyərinin artması keçən ilə nisbətən əsas vəsaitlərin amortizasiyası, nəqliyyat xərcləri, digər vergilər, digər xidmətlər və digər xərclərin artması hesabına baş verib. Belə ki, əsas vəsaitlərin amortizasiyası üzrə xərclər 19888 min manat (19,4 faiz), əsas vəsaitlərə texniki xidmət xərcləri 333 min manat (2,3 faiz), nəqliyyat xərcləri 18487 min manat (16,7 faiz), digər vergilər üzrə 6047 min manat (20,6 faiz), digər xidmətlər 4819 min manat (15,6 faiz) və digər xərclər üzrə-12326 min manat (49,1 faiz) artıb. Qazın maya dəyərinin artması keçən ilə nisbətən əsas vəsaitlərin amortizasiyası, nəqliyyat xərcləri, mühafizə xərcləri, digər vergilər və digər xərclərin artması hesabına baş verib. Belə ki, əsas vəsaitlərin amortizasiyası üzrə xərclər 3295 min manat (4,6 faiz), nəqliyyat xərcləri 1280 min manat (3,2 faiz), mühafizə xərcləri 748 min manat (22,0 faiz), digər vergilər üzrə 1642 min manat (20,0 faiz) və digər xərclər üzrə-629 min manat (13,4 faiz) artıb”, – deyə hesabatda bildirilir.