“Report”un verdiyi xəbərə görə, günorta saatlarından başlayan, yağış və sulu qarla müşayiət olunan güclü külək axşama doğru daha da şiddətlənib və hazırda davam edir.
Nəticədə rayonun Dırığ ərazisi sayılan Şinqədulan xəttində 4 dayaq aşdığından bu istiqamətdə olan 40-dan çox kənd günorta saatlarından işıqsız qalıb. Gün ərzində ərazidə təmir-bərpa işləri aparılsa da, hələlik problem qalmaqdadır.
Lerik Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, hazırda rayon mərkəzinə də elektrik enerjisinin verilişi dayandırılıb: “Bundan başqa, rayonun Zuvand ərazisindəki kəndlərdə də elektrik enerjisi kəsilib. Hələlik ilkin məlumata görə, 50-dən artıq kənddə işıq yoxdur. Digər fəsadlar barəsində isə hələlik məlumat daxil olmayıb”.
“Lerik Elektrik Şəbəkəsi” isə bildirib ki, təhlükəsizlik tədbirləri səbəbindən rayon ərazisində elektrik enerjisinin verilişi dayandırılıb.