Bakı Ali Neft Məktəbində Türkiyənin BIOLAB şirkətinin təşəbbüsü ilə “İstifadədə olan yağ analizi ilə avadanlıqların proqnozlaşdırılmış texniki baxım üsulları” mövzusunda seminar keçirilmışdır.Seminarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BP, SOCAR, BİOLAB və diğər şirkətlərin nümayəndələri, eləcə də BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
BANM-in rektoru Elmar Qasımov ali təhsil ocağının qısa zamanda əldə etdiyi uğurlar, görülən işlər və perspektivlər haqqında məlumat vermiş, tələbələr üçün təşkil olunan istehsalat təcrübəsinin xüsusi önəmindən və gənclərin elmi tədqiqatlara cəlb edilməsi üçün həyata keçirilən tədbirlərdən danışmışdır. Mərkəzi ofisi Ankarada yerləşən BİOLAB şirkətinin baş icraçı direktoru Sinan Vasfi təmsil etdiyi şirkətin 30 ilik təcrubəyə malik olduğunu, neft və neft məhsullarının analizləri üçün laboratoriya avadanlıqlarının təmin edilməsi, quraşdırılması, təlimlərin təşkili və servis xidməti göstərdiyini, BP, Shell, Exxon, Türpaş və digər global şirkətlərin laboratoriya cihazları ilə təminatını həyata keçirdiyini söyləmişdir.
Tədbir çərçivəsində BANM və BİOLAB şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanmışdır. Razılaşmaya əsasən, BANM-də “ömürboyu təhsil” konsepsiyası çərçivəsində təşkil edilən stajkeçmə, ixtisasartırma və yenidənhazırlama kurslarında, eləcə də elmi-praktiki seminarlarda və konfranslarda BİOLAB əməkdaşları tərəfindən müxtəlif mövzular üzrə mühazirələrin təqdimatı üçün şərait yaradılacaq. Seminarda o cümlədən, yağ analizinin əhəmiyyəti, yağın keyfiyyətinin və istifadə müddətinin monitorinqi və s. mövzular barədə məlumat verilmiş, suallar cavablandırılmışdır.