Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev neft sektorunun xarici investorlar üçün cəlbedicilik faktorlarını açıqladı
Azərbaycanın qeyri-neft sektorunda elə bir sahə yoxdur ki, xarici investorlarda neft-qaz sahəsindəki kimi maraq oyada bilsin.
İnvestorlar Azərbaycanın neft sektoruna yatırılmış hər dollardan $2 məbləğində dividend əldə edib. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən “Azərbaycanda investisiyalara dair beynəlxalq konfrans”da deyib.
“Hesablamalarımıza görə, investor Azərbaycanın neft sektoruna yatırılmış hər dollardan $2 məbləğində dividend əldə edib”, – deyə o bildirib.
Nazir qeyd edib ki, indiyədək Azərbaycanda investisiyalarla bağlı heç bir işə Beynəlxalq Arbitraj Məhkəməsində baxılmayıb.
“Azərbaycan dövləti xarici investisiyaların qorunmasına zəmanət verir”, – deyə Ş.Mustafayev əlavə edib.
Qeyd edək ki, 1995-2015-ci illərdə Azərbaycan iqtisadiyyatına 184 mlrd. 75,2 mln. manat ($219 mlrd. 216,2 mln.) investisiya qoyulub. Bunun 90 mlrd. 677,8 mln. manatı ($106 mlrd. 195,9 mln.) xarici investisiyaların payına düşüb.
Bu dövrdə birbaşa xarici investisiyalar $68 mlrd. 622,4 mln. məbləğində olub, neft sektoruna isə $59 mlrd. 94,2 mln. məbləğində vəsait yatırılıb.
İnterfax.az