2020-ci ildə Azərbaycanda qaz hasilatı 38 mlrd. 711 mln. kubmetr səviyyəsində proqnozlaşdırılır ki, bu da 2016-cı ilin göstəricisindən 32,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hökumətin proqnozlarına əsasən, 2018-ci ildə 30 mlrd. 316,5 mln. kubmetr, 2019-cu ildə 35 mlrd. 603 mln. kubmetr qaz hasil olunacaq”, – deyə məlumatda bildirilir.
2018-ci ildə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində ilk qazın hasil olunması hesabına hasilatın həcminin artacağı gözlənilir.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2016-cı ildə qaz hasilatını 29 mlrd. 242,5 mln. kubmetr, 2017-ci ildə 28 mlrd. 390 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.
2015-ci ildə ölkədə 29 mlrd. 175,1 mln. kubmetr qaz hasil olunub.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.