SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Azərbaycanda əməkdaşlarının ümumi sayı şirkətin struktur bölmələri də daxil olmaqla, hazırda 55 min nəfər təşkil edir. Bu barədə şirkətin kadrlar, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov cümə günü Bakıda Neft-Qaz Mühəndisləri Cəmiyyətinin Xəzər Texniki sərgi və konfransında çıxışı zamanı məlumat verib.
“SOCAR-ın xaricdəki struktur bölmələri və nümayəndəliklərində təxminən 12 min nəfər çalışır”, – deyə o qeyd edib.
X.Məmmədovun sözlərinə görə, hazırda şirkət “Cənub Qaz Dəhlizi”, OGPC kompleksi, “SOCAR Polymer”, “Star” NEZ və “Petkojen” kimi irimiqyaslı layihələr həyata keçirir ki, bu da peşəkar kadrların iştirakını tələb edir.
“Həmin meqa-layhələr şirkətimizin fəaliyyətinin strateji istiqamətləridir və onların reallaşdırılması üçün mövcud kadr potensialından istifadə edərək onu inkişaf etdirmək lazımdır. Bu məqsədlə SOCAR-ın nəzdində 5 treninq mərkəzi fəaliyyət göstərir, burada 500-ə yaxın kurs təşkil olunub”, – deyə vitse-prezident bildirib.
O, həmçinin deyib ki, SOCAR-da məşğulluq prosesi tam şəffafdır və test, məntiq imtahanlarının keçirilməsi və müsahibə yolu ilə mərhələli şəkildə gerçəkləşdirilir.
“Bundan başqa, biz kadrların hazırlanması, təlimi və inkişafı üzrə layihə reallaşdırırıq. Bura məktəblilərin neft-qaz sahəsi haqqında maarifləndirilməsi, ən yaxşı tələbələrə təqaüdlərin verilməsi daxildir. SOCAR tələbələrin gələcəkdə ARDNŞ-də işlə təmin olunmaları şərti ilə xaricdə təhsil proqramını da uğurla reallaşdırır”, – deyə vitse-prezident vurğulayıb.
X.Məmmədovun sözlərinə görə, SOCAR-ın proqramı üzrə xaricdə təhsilini başa vurmuş 240 tələbə artıq şirkətdə işlə təmin olunub, daha 47 nəfər isə təhsilini davam etdirir.
“Neft-qaz sahəsi böyük perspektivlərə malikdir və bu sahəyə yeni kadrların cəlb olunması üçün SOCAR həm də sosial proqramlar reallaşdırır. Gənclərin mənzillə təmin olunması proqramı buna nümunə ola bilər”, – deyə o vurğulayıb.