2015-ci ilin yanvar-oktyabr aylarında “Azəri-Çıraq-Günəşli”(AÇG) yataqlar blokundan 26 mln. ton neft və 10 mlrd. kubmetr səmt qazı hasil edilib. Bu barədə SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çərşənbə günü Bakıda Neft-Qaz Mühəndisləri Cəmiyyətinin Xəzər Texniki sərgi və konfransında çıxışı zamanı bildirib.
“AÇG blokundan hər gün 86,5 min ton neft və 33 mln. kubmetr səmt qazı hasil edilir. 2015-ci ilin 10 ayı ərzində AÇG blokundan 26 mln. ton neft hasil edilib ki, bunun da 65%-i və ya 17 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb”,- deyə X.Yusifzadə qeyd edib.
Onun sözlərinə görə, 2015-ci il noyabrın 1-nə olan vəziyyətə görə işlənməyə başlanıldığı dövrdən (1997-ci ilin noyabrı ayından – İnterfaks-az) AÇG blokundan ümumi neft hasilatı 380 mln. ton təşkil edib, bunun 209 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.
“2015-ci ilin sonuna qədər AÇG blokundan hasil edilən neftin ümumi həcmi 385 mln. tona çatacaq, 2060-cı ildə isə 700 mln. tondan çox təşkil edəcək”,- deyə birinci vitse-prezident qeyd edib.
X.Yusifzadə əlavə edib ki, 2015-ci ilin 10 ayı ərzində Azərbaycandan 28 mln. ton neft (həmçinin “Şahdəniz” yatağından hasil edilən kondensat və SOCAR-ın hasil etdiyi neftin bir hissəsi – Caspian Barrel) ixrac edilib. Bunun 24 mln. tonu Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə nəql olunub. Ümumilikdə Azərbaycan neftinin ixracı üzrə əməliyyatların başladığı dövrdən 2015-ci il noyabrın 1-nə qədər Azərbaycan dünya bazarlarına 396 mln. ton neft, o cümlədən BTC ilə 288 mln. ton neft nəql edib.