İranın neft və qaz sənayesi üzərindən praktiki sanksiyalar yavaş-yavaş götürülür. İranın “Petropars Əməliyyat və İdarəçilik” və “Petropars Ehtiyatların Mühəndisliyi” şirkətləri artıq beynəlxalq səviyyədə fəaliyyət göstərmək imkanına malikdirlər. Onlar “Cənub Pars” yatağının işlənməsi layihəsində fəaliyyət göstərirdilər. Qeyd edək ki, İran bu ilin sonundan artıq neft ixracını bərpa etmək imkanını da gerçəkləşdirəcək.
Bəs İranın neft və qaz sənayesindəki bu addımlarının Azərbaycana nə təsirləri ola bilər? Birincisi, bazarlar məsələsinə diqqət yetirmək lazımdır. Neft məsələsində İranın Avropa bazarına ixracı sanksiyalardan öncə ümumi ixracatının 42%-ni təşkil edib. Belə ki, İran 2011-ci ildə gündəlik 2,5 mln barel neft ixrac edirdi ki, bunun da təqribən 1 milyon barelini Avropa bazarına yönəldib (Avropanın ümumi idxalında 9%-dən az).
Ancaq İran nefti əsasən Cənubi Avropa ölkələri bazarına yönəldilirdi və ən çox özünə Yunanıstan bazarında yer eləmişdi (bazarın 20%-i). Azərbaycan nefti gömrük sənədlərinə görə İtaliyaya daxil olsa da, buradan sonra müxtəlif ölkələrdəki neft emalı zavodlarına daşınır və faktiki olaraq bütün Avropa üzrə şaxələndirilmiş bir satış bazarına malikdir. İxrac strukturunda Azərbaycan neftinin təqribən 60%-i Avropa bazarına, 10-i Yaxın Şərqə (İsrailə), 25%-i Şərq ölkələrinə, 5%-i digər regionlara yönəldilir. Bu baxımdan İran neftini üzərindən sanksiyaların götürülməsi ilə onunla Azərbaycan nefti arasında bazarlar uğrunda hansısa mübarizənin qızışması real deyil.
İkinci təsir, heç şübhəsiz, qiymətlərlə əlaqədardır. Bu isə qlobal bazarla əlaqədardır və Azərbaycanla məhddudlaşmır. Çünki İran faktoru bazara artıq cari ilin aprel ayının sonlarından təsir etməyə başlayıb və o zamandan da qiymətlərin azalması bazarlarda müşahidə olunur. Təbii ki, İran nefti bazarlara çıxan zaman qiymətlərin aşağı düşməsi daha kəskin formada özünü göstərə bilər, çünki illər boyu bazardan təcrid edilmiş bir qlobal oyunçunun yenidən “oyuna qayıtması” amili hər zaman qeyri-adi qarşılanır və bazarlarda bu prosesin normal məcraya düşməs üçün müəyyən zaman lazım olacaq. Bu zaman 10 gün də ola bilər, 2 həftə də, bəlkə bir ay da, hər şey bazardakı oyunçuların özlərini yeni oyun qaydalarına tarazlaşdırmalarından asılı olacaq. Çünki neft amilində məsələ heç də tələb və təkliflə bitmir, bunun geoiqtisadi amillərini də nəzərə almaq lazımdır. Bu isə o zamana təsadüf edəcək ki, artıq 2015-ci ilin yekunların dair ölkələr özlərinin başlanğıc yekunlarını dərc edəcəklər və şirkətlər 2016-cı il üçün planlarına ilk korrektələrini etməli olacaqlar.
Digər məsələ isə qaz amili ilə bağlıdır. İran Rusiyadan sonra ehtiyatlarına görə dünyanın ikinci “qaz anbarıdır”. Hazırda bu ölkəyə maraq göstərən şirkətlərin əksəriyyəti məhz qaz amilinə görə rəsmi Tehranla biznes fəaliyyətlərini qurmaq niyyətindədirlər. Ötən il İran 167 mlrd kub metr qaz hasil edib. Ancaq İran demək olar ki, netto qaz ixracatçısı deyil: 8-9 mlrd kub metr Turkmənistandan qaz alır və bir o qədər də Türkiyəyə qaz satır. Ölkənin hasil etdiyi qaz tamamən ölkənin daxili tələbatını ödəməyə yönəlib. Bu isə İran iqtisadiyyatının strukturundan irəli gəlir.
İran hökumətini hazırda maraqlı açıqlamaları ilə gündəmdədir. Məsələn, İranın neft nazirinin müavini bu yaxınlarda Vyanada sərmayəçilərin Forumunda çıxış edərkən bildirmişdi ki, 2017-ci ilə hökumət gündəlik qaz hasilatını 1,1 milyard kub metrə çatdırmaq niyyətindədir. Ancaq 2013-cü ildə Tehranın planında 2020-ci ildə qaz hasilatını 215 mlrd kub metrə, 2030-cu ildə isə 260 mlrd kub metrə çatdırmaq istəyi dururdu. Yalnız 2040-cı ildə İran 370 mlrd kub metr istehsalı hədəfləmişdi.
İstənilən halda artıq İran xarici şirkətlərlə əməkdaşlıqdan yayarlanmağa çalışdığını gizlətmir və bunun müsbət tərəflərini hökumət özü üçün hazırda götür-qoy edir müxtəlif prizmalardan. Bəs Azərbaycan üçün qaz sahəsində hansı təsirləri ola bilər bunun?
İlk öncə onu qeyd etmək lazımdır ki, İranın dünya bazarına qaz ixrac etmək üçün infrastrukturu demək olar ki, yox dərəcəsindədir. Boru kəməri yalnız Türkiyə üzərindəndir, o da məhdud imkandadır. Təbriz-Ərzurum boru kəmərinin maksimum buraxıcılıq gücü 14 milyard kub metrdir, reallıqda isə onunla 9-10 milyard kub metr qaz ixrac edilir. İran qazı Türkiyənin aldığı ən bahalı qaz olduğundan və müqavilə şərtləri çox sərt bağlanıldığından Ankara onun həcmlərini artırmaqda maraqlı deyil. İran üçün də təqribən 2000 km məsafəyə qazı Türkiyə sərhədlərinə daşımaq o qədər də ucuz başa gəlmir. Bu baxımdan iki ölkə uzun illərdir ki, bir-birləri ilə qaz ticarətində hansısa müvəfəqqiyyətə nail ola bilmirlər. İkincisi, İranın tankerlər vasitəsilə dünya bazarına böyük həcmdə qaz çıxarması üçün ən azı 6-7 ilə qədər vaxt lazımdır. Bunun üçün 2016-cı ili başlanğıc hesab etsək, onda 2022-2023 ildən tez yetərli olmayacaq.
Ona görə də İran qazının Avropaya daşınmasında Azərbaycanın infrastruktundan istifadə üçün Bakının real şansları ortaya çıxır. Hətta İrana bu zaman öz ərazisində hansısa infrastruktur tikməyə belə ehtiyac yoxdur və Türkiyəyə yönəlmiş mövcud boru kəmərinin imkanlarından maksimum istifadə etmək kifayətdir. TANAP vasitəsilə İran qazı Avropa istehlakçılarına çatdırıla bilər. Bununla da Azərbaycanın infrastrukturu regionda üçüncü tərəf üçün açıq, regionla inkişafa xidmət, stabilliyin bərqərar olması kimi strateji hədəflərə xidmətdə olduğunu elə istismarda olduğunun ilk dövründəcə ortaya qoymuş olur.