SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Rusiyanın “Qazprom” şirkətinə Azərbaycanın “AzMeCo” şirkətinin metanol istehsalı zavoduna qaz tədarükünü həyata keçirmək üçün icazə verdi. Trend-in məlumatına əsasən, bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
O, qaz idxalına ehtiyac olmadığını deyib: “Qaz idxalına ehtiyacımız yoxdur, müqavilə öhdəliklərini yerinə yetiririk. İş orasındadır ki, metanol zavodu inşa edilib. Müəssisə qaz tədarükü ilə bağlı bizimlə uzunmüddətli müqavilə imzalamayıb. Buna görə zavod üçün bizim ehtiyatımız yoxdur. Bu səbəbdən “AzMeCo” şirkətinin Rusiyanın “Qazprom” şirkətindən qaz almasına etiraz etmədik. Rusiya qazının bizim boru kəmərlərimiz ilə tədarükünə icazə verən müqavilə imzalandı”.
Xatırladaq ki, SOCAR-la “Qazprom” arasında AzMeCo-nun qaz təminatına dair razılıq bu ilin iyununda Sankt-Peterburqda əldə edilmişdi. “Qazprom” rəhbəri Aleksey Miller iyunun 22-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, “Azərbaycan iqtisadiyyatı inkişaf edir və onun qaza tələbatı artır. Biz Azərbaycanın qaza olan tələbatını yaxın perspektivdə ödəməyə hazırıq”. “Qazprom” rəhbəri o zaman xatırlatmışdı ki, Rusiya qazının Azərbaycana idxalı bu ilin sonundan mümükündür və illik həcmi 1-2 milyard kubmetr cıvarında ola bilər.