2003-cü ildən 2015-ci il iyulun 1-nə qədər Dövlət Neft Fondundan (ARDNF) Azərbaycanın dövlət büdcəsinə transfertlərin ümumi həcmi 59 mlrd. 333,6 mln. manat təşkil edib. Bu haqda Caspian Barrel ARDNF-ın saytına istinadən xəbər verir.
Qeyd edək ki, 2003-2014-cü illərdə dövlət büdcəsinə Neft Fondundan 55 mlrd 531,5 mln. manat vəsait daxil olmuşdu. 2015-ci ilin ilk altı ayı ərzində isə bu göstərici 3 mlrd. 802,1 mln. manat təşkil edib.
Xatırladaq ki, 2013-cü ildə Neft Fondundan dövlət büdcəsinə köçürmələrin həcmi 11,35 mlrd. manat olmuşdusa, 2014-cü ildə bu göstərici 9,337 mlrd. manata qədər azalmışdı. Neft Fondunun cari il üçün təsdiq edilmiş büdcəsinə görə, büdcəyə transferlərin həcmi 10,388 mlrd. manat səviyyəsində müəyyənləşdirilib.
2010-2014-cü illərdə Neft Fondunun xərcləmələrində əsas hissəni (90% ətrafında) dövlət büdcəsinə transfertlər təşkil edib. Bu müddətdə dövlət büdcəsinin gəlir hissəsinin yarıdan çoxu (52-53%) həmişə Neft Fondunun payına düşüb.