Materiallar

Cənub qaz dəhlizi Məşvərət şurasının Bakı bəyanati – sənəd

signed

Caspian Barrel SOCAR-dan əldə etdiyi Cənub qaz dəhlizi Məşvərət şurası üzvlərinin ictimaiyyət üçün birgə bəyanatın mətnini oxucuların diqqətinə çatdırır.

12 fevral 2015-ci il tarixində Bakı şəhərində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının görüşünün iştirakçıları adından

Ölkələr arasında mövcud olan strateji əlaqələrin hərtərəfli əməkdaşlığa, inama, qarşılıqlı maraqlara və hörmətə əsaslandığını qəbul edərək,

Enerji təhcizatı və nəqlinin təhlükəsizliyinin əhəmiyyətini vurğulayaraq,  Dünya və Avropa enerji bazarlarını səmərəli bir şəkildə neft və qazla təchiz edən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin müsbət təcrübəsini və uğurlu fəaliyyətini qeyd edərək,

Azərbaycan Respublikasının Xəzər dənizi bölgəsində karbohidrogen resurslarının əsas hasilatçısı olduğunu və həmçinin Cənub Qaz Dəhlizinin uzunmüddətli fəaliyyətində aparıcı rol oynadığını qəbul edərək,

Azərbaycan Respublikasından Avropa Enerji Bazarına təbii qaz təchizatının yeni mənbəyinin təmin edilməsində əhəmiyyətli addım olan Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə siyasi dəstək verildiyini təkrarlayaraq,

Azərbaycan Respublikasının Prezidenti və Avropa Komissiyasının Prezidenti tərəfindən 13 yanvar 2011-ci ildə Bakıda imzalanmış Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyənnamənin Azərbaycan Respublikasını Cənub Qaz Dəhlizinin əhəmiyyətli tərəfdaşına çevirdiyini alqışlayaraq,

“Şahdəniz” layihəsinin və Cənub Qaz Dəhlizinin həyata keçirilməsində «Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair» 2011-ci il oktyabrın 25-də İzmir şəhərində imzalanmış Sazişin aparıcı və əhəmiyyətli rol oynadığını vurğulayaraq,

Regionda enerji təhlükəsizliyinin gücləndirilməsi və iqtisadi əməkdaşlığın yüksəlməsinə xidmət edən uzunmüddətli və etibarlı neft və qaz nəqlinin dəstəklənməsində Gürcüstan və Türkiyə Respublikasının xüsusi rol oynadığını yüksək qiymətləndirərək,

Azərbaycan Respublikası Höküməti və Türkiyə Respublikası Höküməti arasında 26 iyun 2012-ci il tarixində Trans-Anadolu Təbii Qaz Boru Kəməri Sistemi haqqında imzalanmış Hökümətlərarası Anlaşmanın əhəmiyyətini və Türkiyə Cumhuriyyətinin Trans-Anadolu Təbii Qaz Boru kəməri layihəsinin həyata keçirilməsində mühüm rolunu nəzərə alaraq,

İtaliya Respublikası, Yunanıstan Respublikası və Albaniya Respublikası arasında 13 fevral 2013-cü il tarixində imzalanmış Trans-Adriatik Qaz Boru Kəməri sistemi haqqında Hökümətlərarası Anlaşmanı alqışlayaraq,

Trans-Adriatik Boru kəmərinin 2013-cü ilin iyun ayında Azərbaycandan Avropaya təbii qazı nəql edəcək boru xətti kimi seçilməsini və Trans-Adriatik Boru kəmərinin tikintisi üçün yekun qətnamənin 2013-cü ilin noyabr ayında təsdiq olunmasını qeyd edərək,

Trans-Adriatik Boru kəməri və İon-Adriatik Boru kəməri layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlıq haqqında 2013-cü ilin may ayında Tiranada Albaniya Respublikası, Bosniya və Herseqovina, Xorvatiya Respublikası və Monteneqro arasında Anlaşma Memorandumunun imzalandığını nəzərdə tutaraq,

Şahdəniz konsorsiumu və Avropa şirkətləri arasında 19 sentyabr 2013-cü il tarixində imzalanmış “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq Qazın Satışına dair Anlaşmaların əhəmiyyətini vurğulayaraq,

17 dekabr 2013-cü il tarixində Bakı şəhərində “Şahdəniz-2” layihəsi ilə bağlı qəbul edilmiş Yekun İnvestisiya Qərarını və Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üzrə əməkdaşlıq haqqında Albaniya Respublikası, Bosniya və Herseqovina, Xorvatiya Respublikası və Monteneqro arasında Anlaşma Memorandumu imzalanmasını alqışlayaraq,

Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinin, Trans-Anadolu boru kəməri və Trans-Adriatik boru kəmərlərinin çəkilməsinin və eyni zamanda yeni ölkələrarası təbii qaz nəql şəbəkələrinin inkişafının Xəzər dənizi hövzəsi ilə Avropa enerji bazarları arasında etibarlı körpü rolunu oynayacağını və xüsusilə də Cənub-Şərqi Avropa ölkələri üçün təbii qaz təchizatı marşrutlarını şaxələndirəcəyini qeyd edərək, aşağıdakıları bəyan edirik:

1. Etibarlı təchizat və dünya bazarlarına enerji nəqlinin təhlükəsizliyinin təminatı davamlı inkişafın təmin edilməsində ən vacib və zəruri faktorlardır.

2. Strateji əməkdaşlığın əhəmiyyətinin artmaqda olduğunu və Cənub Qaz dəhlizinin uğurla və qrafikə uyğun həyata keçirilməsi üçün qarşılıqlı faydaya əsaslanan fəaliyyətlərin gücləndirilməsi və genişləndirilməsinə olan niyyətimizi bir daha təkrar edirik.

3. Cənub Qaz dəhlizi çərçivəsində həyata keçirilən layihələrin iştirakçıları üçün əlverişli maliyyələşdirməyə nail olmaq məqsədi ilə şəffaf, proqnozlaşdırıla bilən və stabil qanunvericilik mühitinin formalaşdırılması, milli və Avropa maliyyə institutlarının cəlb edilməsi üçün daha səmərəli mexanizmlərin işlənib hazırlanması naminə növbəti səylər nəzərdən keçiriləcək.

4. Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçiriləcək layihələr üzrə fəaliyyətlərin başlanılması üçün tələb olunan müvafiq qanunverici və ilkin hüquqi tələblər, həmçinin icazə və təsdiq qərarları üçün müvafiq ölkələrin hazırlığını təsdiq edirik.

5. Energetika sahəsində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini bir daha təsdiq edir və Azərbaycandan Avropaya və digər bazarlara enerji təchizatını həyata keçirən marşrutların şaxələndirilməsi istiqamətində aparılan siyasətin davam etdirilməsinin mühüm olduğunu nəzərə alırıq.

6. Layihənin həyata keçirilməsi məsələləri barədə Avropa Birliyinin mövcud formatından ən səmərəli şəkildə istifadə etmək üçün strateji infrastrukturun inkişaf etidirilməsini dəstəkləyir və Avropa Komissiyasının davamlı dəstəyi ilə Cənub Qaz Dəhlizi ilə bağlı konkret yanaşma aparırıq.

7. Cənub Qaz Dəhlizinin həyata keçirilməsi zamanı ortaya çıxa biləcək bütün məsələləri ən praktik şəkildə və vaxtında həll etmək üçün Cənub Qaz Dəhlizinin bütün potensial gələcək iştirakçılarına da açıq olmaqla ikitərəfli və çoxtərəfli formatda işçi məsləhətləşmələr aparılmasını nəzərdə tuturuq.

8. Bu birgə bəyanat Azərbaycan Respublikası, Albaniya Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan, Yunanistan Respublikası, İtaliya Respublikası, Türkiyə Respublikası, Birləşmiş Kralliq, Amerika Birləşmiş Ştatlarının səlahiyyətli nümayəndələri və Avropa Komissiyasının Vitse-Prezidenti tərəfindən imzalanmışdır.

Bakı şəhəri, 12 fevral 2015-ci il