Azərbaycan

2020-ci ildə “Abşeron”da qaz hasilatına başlamaq mümkün olacaqmı?

ab-totalFransanın «Total» şirkətinin törəməsi olan və Xəzər dənizində “Abşeron” qaz-kondensat yatağının kəşfiyyatına və işlənməsinə məsul olan «Total E & P Absheron B.V.» şirkəti 2020-ci ildə ilk qazı hasil etməyi planlşdırır.
Bunun öhdəsindən gəlmək üçün fransız şirkəti artıq “Abşeron”un inkişaf proqramını hazırlayıb. «Total E&P Absheron B.V.» 2014-cü ilin sonunda bu proqramı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təqdim etmək, 2015-ci ildə isə onun müvafiq təsdiqini almağı planlaşdırır.
Fransız şirkətinin planına əsasən, “Abşeron”da ilk qazın hasilatı 2020-ci ildə gözlənilir. Proqrama əsasən, ilkin mərhələdə qaz istehsalı 3-5 milyard kub metr təşkil etməlidir.
Lakin ortalığa belə bir sual çıxır ki, «Total» şirkətinin “Abşeron” yatağında hasilat ilə bağlı planları nə qədər realdır? Axı hasil edilən qaz ixrac edilməlidir!
Caspian Barel-in apardığı araşdırmalar göstərir ki, “Şahdəniz” layihəsinin “Mərhələ-2” çərçivəsində qaz istehsalı 2018-ci ildə, onun ixracı isə 2019-cu ilə planlaşdırılır. “Mərhələ-2” çərçivəsində qaz istehsalı layihə gücünə 2020-ci ildə çatacaq — ildə 16 milyard kub metr.
2015-ci ildə Cənubi Qafqaz boru kəmərinin genişlənməsi, Trans Anadolu qaz boru kəməri (TANAP) və Avropa ixrac boru kəmərinin (TAP və ya Nabucco-West) inşasına başlanacaq və onlar “Mərhələ -2” layihəsindən hasil ediləcək qaza tuşlanıblar. Buna hər iki layihənin ilkin texniki-iqtisadi göstəriciləri sübütdur. Bu ixrac boru kəmərlərində “Abşeron”da 2020-ci ildə hasil ediləcək qaz üçün yer olmayacaq.
Digər tərəfdən əgər 2019-cu ildə 16 milyard kub metr qaz üçün hesablanmış layihələri işə salıb, cəmi bir il sonra onların güçünü artırmağa axı heç bir lüzum da yoxdur. Bunu ya indi, ya da bir neçə ildən sonra etmək daha məqsədəuyğundur.
Qeyd edək ki, SOCAR prezidenti Rövnəq Abdullayev əvvəllər bildirmişdi ki,TANAP boru kəmərinin buraxılış gücü mərhələli şəkildə artırılacaq. Belə ki, kəmərin illik buraxıcılıq 2023-cü ildə 24 milyard kub metrədək, 2026-cı ildə isə 31 milyard kub metrədək artırılmalıdır.
Bütün bunları nəzərə alaraq, həmçinin “Abşeron” strukturunun çətin geoloji xusisiyətlərini də diqqətə aldıqda, demək olar ki, yataqda qaz hasilatı 2023-cü ildən tez başlaması heç də real deyil.
*Abşeron strukturu üzrə PSA tipli müqavilə 2009-cu ildə imzalanıb. Hazırda layihə iştirakçıları Total (40% — operator), SOCAR (40%) GDF Suez (20%) şirkətləridir. Parlament müqaviləni elə həmin ilin 22 mayında ratifikasiya edib. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kvadrat kilo metrdir. 2012-ci ilin 2 iyulunda Total müqavilə sahəsində qazılan ilk kəşfiyyat quyusundan alınan nəticələri elan etmişdi. Nəticələrə görə, 474 metr dəniz dərinliyində,6874 metr keçiddə,yanlız şimal hissədə 150-300 milyard kub metr qaz ehtiyatı aşkarlanmışdır. Qazma işləri 9 yanvar 2011-ci ildə Danimarkanın Maersk şirkəti tərəfindən H.Əliyev adına qazma qurğusu ilə başlamışdı. Elə həmin ilin 9 sentyabrında Bakıda rəsmi surətdə “Abşeron” qaz-kondensat yatağının açıldığı elan edilmişdi.